Azərbaycanlı investor Smolensk vilayətində logistik mərkəz inşa etməyi planlaşdırır. FED.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Ostrovski məlumat verib.
"Şəmkir aqroparkında yerləşən logistik mərkəzin fəaliyyəti ilə tanış olmaq üçün yaxın vaxtlarda Azərbaycana səfər etməyi planlaşdırıram. Bu obyekti inşa edən investor regionumuzda da analoji obyektin inşası variantını nəzərdən keçirir. Vilayətin administrasiyası və mən ona maksimum dərəcədə köməklik edirik. Artıq həm investorla, həm də Azərbaycanın hökumət nümayəndələri ilə danışıqlar aparılıb", - deyə o bildirib.
Qubernator vurğulayıb ki, bu məsələni Azərbaycanın Rusiyadakı səfiri ilə görüşdə müzakirə edib.
“Şəmkir Aqropark” MMC Cənubi Qafqazda “Aqropark” formatlı ilk kənd təsərrüfatı layihəsidir və təməli 2014-cü ildə qoyulub.
Aqroparkın ümumi ərazisi 604 hektar təşkil edir. Aqroparkda 1-ci mərhələ üzrə nəzərdə tutulan işlər artıq yekunlaşıb. Həmçinin tutumu 24 min ton olan logistik mərkəz yaradılıb.*