İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayını təqdim edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (297,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (175,4 milyon ABŞ dolları) ikinci, karbamid (163,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Digər məhsullar üzrə göstəricilər aşağıdakı kimidir:
Pambıq lifi ixracından 149,1 milyon dollar, şaftalıdan 111,1 milyon dollar gəlir əldə edilib.
Xurma 107,7 milyon dollar göstərici ilə siyahıda yer alıb. İlkin formalı polietilenin ixracı 96,2 milyon dollar təşkil edib.
İlkin formalı propilen sopolimerləri 94,2 milyon dollar, metanol (metil spirti) isə 85,5 milyon dollar həcmlə onluqda yer alıb.
Elektrik enerjisi (69,7 milyon dollar), emal olunmamış aşqarlanmamış alüminium (66,9 milyon dollar) və alma (65,9 milyon dollar) ixracı ilə siyahı davam edir.
Emal olunmamış alüminium ərintiləri 60,9 milyon dollar, alüminium ərintilərindən düzbucaqlı plitələr 60,3 milyon dollar və ağ şəkər 57,1 milyon dollar həcmində ixrac edilib.
Siyahının son pillələrini İlkin formalı polipropilen (52,8 milyon dollar) və Sement klinkerləri (49,9 milyon dollar) tamamlayır.
2025-ci ilin noyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (40,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (26,2 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (23 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Digər məhsullar üzrə göstəricilər aşağıdakı kimidir:
Tomat (pomidor) ixracından 15,7 milyon dollar gəlir əldə edilib. Nar 10,9 milyon dollar göstərici ilə siyahıda yer alıb.
Karbamid ixracı 10,4 milyon dollar təşkil edib. Mis filizləri və konsentratları 9,8 milyon dollar həcmlə siyahıda yer alıb.
Siyahını alma (8,5 milyon dollar) tamamlayır.














