Vergi Məcəlləsində 20-dən çox dəyişiklik yeni bir anlayışla - məcburi nişanlama ilə bağlıdır. FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qalib Toğrul bildirib. Məcburi nişanlama malların uçotdan yayındırılmasının, saxta məhsulların bazara daxil olmasının qarşısının alınması məqsədilə onlara məcburi nişanlama kodunun və digər qoruyucu elementlərin vurulmasıdır.
Ekspert bidirib ki:
Məcburi nişanlama zamanı məhsulun üzərinə vurulan kod vasitəsilə onun hərəkətini istehsaldan və ya gömrükdən (idxal) son istehlakçıya qədər izləmək mümkün olur. Sistemi qurmaq üçün çox güman ki, Vergilər Nazirliyi yanında ayrıca qurum yaradılacaq. Bu qurumun yaratdığı elektron sistem malın hərəkətini izləməyə imkan verəcək. Mal istehsalçıdan çıxıb tədarükçüyə, ordan isə pərakəndə ticarət nöqtəsinə təhvil verilənə və son istehlakçıya çatana qədər proses bütün ardıcıllığı ilə nəzarət altında olacaq. Hər bir mala bir dəfə istifadə olunan kod veriləcək, son istehlakçı məhsulu pərakəndə ticarət nöqtəsindən alanda, kassada məhsulun kodun skan olunan kimi həmin kod ləğv olunacaq və bir daha istifadə olunmayacaq.
Məhsulun hərəkəti zamanı elektron-qaimə faktura onu müşayiət edəcək. Artıq kağız əsaslı qaimə fakturanın istifadəsinə son qoyulacaq. Hazırda Vergi Məcəlləsində hər iki formalı qaimə-fakturadan istifadə nəzərdə tutulur. Fikir vermisinizsə, Məcəllədə “qaimə-faktura və ya elektron qaimə-faktura” yazılır. Ancaq yeni ildən yalnız elektron qaimə-faktura istifadə olunacaq. Elektron qaimə-fakturada malın kodu qeyd olunacaq.
Qeyd edim ki, alıcı (istehlakçı) öz smartfonuna xüsusi əlavə yükləməklə (IOS və Android bazasında) yerindəcə məhsulun üzərindəki kod vasitəsilə onun saxta və ya həqiqi olduğunu yoxlaya biləcək.
Ancaq bu sistemin tətbiqi böyük vəsait - texniki qurğu, proqram təminatı, monitorinq mexanizmi tələb edən iş olduğundan çox güman ki, mərhələli şəkildə tətbiq olunacaq. Vergi Məcəlləsinə dəyişikliklərdə məcburi nişanlama tələb olunan malların siyahısının təsdiq olunması nəzərdə tutlur. Bu siyahının ilk mərhələdə çox geniş olacağını düşünmürəm. Öncə dərmanlar, sonra alkoqollu, daha sonra tütün məmulatlarının məcburi nişanlamasını həyata keçirmək daha doğru olardı. Çünki hansı məhsul daha çox uçotdan yayındırılır və daha çox saxtalaşdırılısa, üstəlik satış dövriyyəsi böyükdürsə, məcburi nişanlamaya o məhsuldan başlanılması daha məntiqidir.
Yaxşı olardı ki, sistem pilot şəklində sınaqdan çıxarılsın. Çünki sistemin normal fəaliyyəti üçün Gömrük Komitəsi və Vergilər Nazirliyi ilə yanaşı, sahibkarların da üzərinə böyük məsuliyyət düşür. Sahibkarlar ən azından kodlarla işləmək sahəsində təcrübə toplamala, pərakəndə ticarət nöqtələri məlumatı onlayn rejimdə anında sistemə ötürə biləcək kassa nəzarət aparatları (onların elektron uçotu aparılacaq) əldə etməlidirlər.
Dəyişikliklərdə məcburi nişanlamanın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulması haqda qeyd olunur. Ancaq yaxşı olardı ki, ilkin dövrdə kodlar pulsuz verilsin və bu prosesə qoşulma könüllü olsun.
Yeri gəlmişkən, dəyişikliklərə görə, kassa çeklərində çekin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülüb-ötürülməməsinə dair qeyd və malın sürətli məlumat kodunun (Quick Response Code) olması məcburi sayılacaq.
Vegi Məcəlləsinə dəyişikliklərdə məcburi nişanlama tələblərinin pozulması ilə bağlı böyük cərimələr də nəzərdə tutulub.