Bakının məşhur restoran şəbəkələrindən olan «145 Group» koronavirus pandemiyası nəticəsində böyük zərərlə üzləşdiyini, fəaliyyətini məhdudlaşdırdığını və işçilərinin böyük hissəsini ixtisar etdiyini açıqlayıb.
Eləcə də bax: 1 ayda restoranlarda təqribən - 100 MİLYON MANAT XƏRCLƏNİB
FED.az xatırladır ki, Azərbaycanda pandemiya nəticəsində ən çox zərər çəkən sahələrdən biri də ictimai iaşə – restoran biznesi olub.
Pandemiya qadağaları nəticəsində bu dövrdə restoranların dövriyyəsi kəskin azalıb, bu sahədə ixtisarlar baş verib. Son bir neçə ayda qadağaların aradan qaldırılması ilə bağlı restoranlar işlərini qismən bərpa etsələr də, bəzi obyektlər hələ də normal iş rejiminə qayıtmayıb.
Eləcə də bax: Yeni il şənlikləri ilə bağlı restoranlarda nəzarət - GÜCLƏNDİRİLƏCƏK
Restoran şəbəkəsindən FED.aza bildirilib ki, artıq 20 aydır ki, ölkəmizdə pandemiya ilə əlaqədar restoranlarda qəlyan xidməti fəaliyyət göstərmir. Bu isə şirkətə böyük zərər vurmaqdadır, qadağa və gəlirlərin azalması nəticəsində şirkətin işçiləri 4 dəfə azalıb: «145 Group» restoranlar şəbəkəsində əsas istiqamət bu (qəlyan xidmətləri) olduğundan bizə çox ciddi zərər dəyib. Pandemiyadan əvvəl 400-dən artıq işçimiz var idi, hazırda isə bu rəqəm 100-ə qədər enib».
Pandemiyanın restoran şəbəkəsinə yaratdığı çətinlər nəticəsində yeni resotranların açılması prosesi dayanıb, vaxtilə asılan obyektlər isə bağlanıb: «Koronavirusun bizə verdiyi zərərlərdən biri də 2021-ci ildə açmalı olduğumuz 4 yeni məkanımızın ikisini başlamadan geri qaytarmağımız, ikisini isə saxlamağa gücümüz çatmadığına görə yarıda bitirməyimiz oldu».
«Nəzərdə tutduğumuz digər iki restoranı isə ziyanla qaytardıq»-deyə şirkətdən FED.az-a bildirilib.
Qeyd edək ki, «145 Group»a daxil olan restoranlar qəlyan konseptində qurulub. Pandemiya dövründə qəlyandan istifadəyə qadağa qoyulduqdan sonra şirkət öz strategiyasını qəlyansız davam etmək istəyib, amma alınmayıb: «Bunun üçün əlimizdən gələni etdik, lakin uğurla nəticələnmədi, çünki bizim restoranlarımız masadan tutmuş oturacağa qədər qəlyan konseptinə uyğun qurulmuşdur. Bizim bu konseptdən çıxmağımız bizi restoranları yenidən təmir etməyə məcbur edəcək, bunun üçün də, təbii ki, bizim gücümüz və sərmayəmiz yoxdur»-deyə şirkətin rəhbərliyi bildirir.
Qrupdan bildirilir ki, Azərbaycana çoxsaylı xarici turistlər gəldiyinə görə, qəlyan istifadəsinə çox böyük tələbat var. Qəlyanın qadağan edilməsi isə bəzi obyektlərə ümumiyyətlə turist gəlməsinin qarşısını alıb. «Tez-tez rast gəldiyimiz hallardan biri odur ki, turistlər bizim məkanlara daxil olub qəlyan istəyirlər və imtina cavabımızdan sonra isə digər xidmətlərimizdən yararlanmadan restoranı tərk edirlər».
Şirkət hökumətdən müəyyən şərtlərə əməl etməklə qəlyan xidmətlərinə icazə verməyi xahiş edir: «Biz çox istərdik, ki restoranlarımıza gələn hər bir COVID pasportu olan şəxs sərbəst şəkildə elektron siqaretdən istifadə edən kimi qəlyandan da istifadə etməyə nail olsun».
«145 Group»un açıqlamasında bildirilir ki, onsuz da qurumun əməkdaşları tibbi yoxlamadan keçir, qəlyanlar isə dezinfeksiya olunur, bu da yoluxma riskini azaldır. Üstəlik şirkət riski bir qədər də azaltmaq üçün birdəfəlik qurğular tətbiq etməyə də hazırdır: «Qeyd edək ki, bizdə bütün qəlyançılarımız mütəmadi şəkildə tibbi yoxlanışdan keçir, restoranlarımız ən yüksək sanitariya və gigiyenik tələblərə cavab verir. Qəlyanlar isə hər zaman olduğu kimi dezinfeksiya olunacaq və biz qonaqlarımızı birdəfəlik istifadə olunan qəlyan xortumları ilə təmin edəcəyik».
Şirkətin açıqlamasında deyilir ki, son zamanlarda artıq ABŞ, Avropa, Asiya, MDB ölkələrində, Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə qəlyan xitməti yenidən bərpa olunub.
«Azərbaycanda da qəlyan xidmətinin açılmasına görə müraciət etmişik. Çünki Azərbaycanda bu sahə üzrə işləyən ən azı 10000-dən artıq insan var və onlar hazırda iş yerlərindən məhrumdular»-deyə açıqlamada deyilir.