Azərbaycanda özəlləşdirmə nəticəsində daha bir balıqartırma müəssisəsi yenidən qurulacaq.
FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə 30 iyulda elan etdiyi investisiya müsabiqəsinin nəticələrini açıqlayıb.
Eləcə də bax: ETSN rəsmisi: "Azərbaycanda son 15 ildir - BALIQ EHTİYATI AZALIB"
Komitədən bildirilib ki, potensial iddiaçılar qarşısında maliyyə, iqtisadi, investisiya və sosial şərtlər qoyulmuşdu. Əsas şərtlər müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsalda müasir texnologiyaların tətbiqi, ekoloji tarazlığın qorunmasıdır.
Müsabiqədə iştirak etmək üçün iddiaçılar tərəfindən investisiya təklifləri təqdim olunub. Təkliflərə baxıldıqdan sonra komissiya üzvləri arasında açıq səsvermə yolu ilə “Azerbaijan Fish Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib. Qeyd edək ki, qalib şirkət "PAŞA Holdinq" MMC-yə daxildir.
Müsabiqə qalibi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq dövlət büdcəsinə 1.2 milyon manat məbləğində vəsaitin köçürülməsini təmin edəcək. Eyni zamanda ümumi həcmi 1,1 milyon manat təşkil edən İnvestisiya Proqramının icrası, müəssisənin əmək haqqı və DSMF-yə olan borclarının ödənilməsi, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini şirkət öz üzərinə götürüb.
İnvestisiya Proqramına əsasən qalib şirkət səhmdar cəmiyyətində hovuz və nohurların yenidənqurulması, əlavə nohurların inşası, su təchizatı sisteminin bərpası, yeni avadanlıqların alınmasını reallaşdıracaq. O cümlədən, investisiyalar dövriyyə vəsaitlərinin artırılması, bütün tikili və qurğuların, inzibati binanın əsaslı təmiri, abadlıq və digər işlərin görülməsinə cəlb ediləcək.
Qeyd edək ki, səhmdar cəmiyyətinə investisiyaların iki il ərzində yatırılması, görüləcək işlər nəticəsində 36 iş yerinin yaradılması planlaşdırılır. Müəssisənin yenidən qurulması və fəaliyyəti müxtəlif növdə balıqların yetişdirilməsinə şərait yaratmaqla yanaşı, yeyinti sənayesinin inkişafına və əhalinin bu məhsullara olan tələbatının ödənilməsinə xidmət edəcək.