VMF Şirkəti Azərbaycanın Müstəqilliyinin 100 illiyinə həsr etdiyi, öz adını daşıyan ilk saat markası “VMF” saatlarını təqdim edib. FED.az bildirir ki, bununla bağlı təşkil edilən mərasimdə tanınmış elm, sənət adamları və ictimai xadimlər iştirak edib VMF Şirkətinin tarixinin qısa xülasəsi ilə açılan tədbirdə VMF saat kolleksiyaları təqdim olundu. Milli ruhdan ilhamlanaraq muasir dövrun tələblərini ozundə əks etdirən VMF saatları adları ilə qonaqların diqqətini cəlb etdi; VMF saatları “Klassik”, “Ənənə”, “Miras”, “İdman” və “Şəhər” saat kolleksiyalarından ibarətdir. Bu kolleksiyalara “Muğam”, “Ulduz”, “Miras”, “İrs”, “Tor”, “Eleqant”, “Naxış”, “Mirvari”, “Bulvar”, “Azman”, “Balans” ailələri daxildir. VMF saatlarının ideya müəllifi və yaradıcısı olan ANS Şirkətlər Qrupunun prezidenti, VMF Şirkətinin təsisçisi Vahid Mustafayev çıxışında bu saatların uğur yolunda olanlara həsr etdiyini bildirdi.
“VMF Şirkəti olaraq, biz 20 ildən artıqdır İsveçrə və Yaponiyanın 20-yə yaxın ən qabaqcıl Saat ailəsini Azərbaycanda şərəflə təmsil edirik. Bu illər boyu yüzlərlə Avropa və Asiya saatşunaslıq təlim və tədris kurslarından müvəffəqiyyətlə keçmişik. Yaraşığı, mürəkkəbliyi və qiymət səviyyəsi müxtəlif olan saatlarla yaxından tanış olmuşuq, lakin taxmaq istədiyimiz saata rast gəlməmişik. Taxmaq istədiyimiz saatın uğur qazanmaq üçün hər zaman ehtiyaclarımıza, biznes və həyat tərzimizə uyğun olmağını istəyirdik! Və nəhayət, belə bir saatı yaratdıq”.
Təqdimat mərasimində VMF saatlarının elçiləri də təqdim olunub.
“VMF saatlarının Uğur Fəlsəfəsinin Elçisi” kimi muğam ustadı, tenor Mənsum İbrahimov elan edildi. Mənsum İbrahimov VMF saatlarının zövq və dəyərlərini özündə cəmləşdirən “Muğam”, “Azman”, “Tor” və “Ulduz” kolleksiyasının elçisidir. VMF saatlarının daha bir elçisi isə dünya şöhrətli rəqqasə, baletmeyster Təranə Muradova elan edildi. Təranə Muradova VMF saatlarının zəriflik və qadınlığı özündə cəmləşdirən “Mirvari”, “Miras”, “Bulvar” və “Naxış” kolleksiyasının elçisi oldu.
VMF-in açıqlamasına görə, saatlar yüksək keyfiyyətli polad, dəri və şüşədən hazırlanır. VMF saatlarının qiyməti də məlum olub, FED.az xəbər verir ki, Azərbaycanın ilk milli saatlarının qiyməti 70-450 manat arasında dəyişəcək. Ən bahalı model «Muğam»dır – 450 manat.
Xatırladaq ki, 1997-ci ildən bu yana VMF Şirkəti Bakıda və Azərbaycanın ən böyük şəhərlərində dizayn və rahatlığı, yüksək xidmət göstərən peşəkar komandası ilə 20-dən çox salonda saatsevərlərə xidmət göstərir.
Azərbaycanın ilk saat markası təqdim olundu – QİYMƏTLƏR
11:55
24 Dek 2018