Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev “Caspian Energy Club”ın idarə heyəti və üzvləri ilə görüşmüşdür.
Gürcüstanda 11-ci beynəlxalq - "CASPIAN ENERGY INVESTMENT FORUMU TBILISI 2023" KEÇİRİLİB
FED.az xəbər verir ki, 28 fevral 2023-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev “Caspian Energy Club”ın idarə heyəti və üzvləri ilə görüşmüşdür.
Görüşdə səfir Faiq Quliyev Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlər, həyata keçirilmiş iri infrastruktur layihələri barədə məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşı olmaqla, bu ölkəyə ən çox xarici sərmayə yatıran ölkələrdən biridir. Azərbaycan şirkətləri Gürcüstanın ən böyük vergi ödəyiciləri olmaqla, bu ölkədə minlərlə iş yerlərinin yaradılmasına dəstək göstərmişlər. Səfir iqtisadi sahədə ikitərəfli əlaqələrimizin inkişafı üçün böyük potensialın olduğunu qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin oktyabr ayının 24-də Gürcüstana işgüzar səfərinin Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verdiyini vurğulamışdır. O, həmçinin ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafı və yeni əməkdaşlıq sahələrinin təşviqi istiqamətində İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın xüsusi rol oynadığını və adıçəkilən komissiyanın indiyədək 9 iclasının baş tutduğunu, sonuncu iclasın 14 dekabr 2022-ci ildə Tbilisi şəhərində hər iki tərəfdən baş nazirlərin sədrliyi ilə keçirildiyini diqqətə çatdırmışdır. Səfir iki ölkənin işgüzar dairələri arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, şirkətlərin iştirakı ilə mütəmadi olaraq biznes forumların təşkil edilməsinin vacibliyini bildirmiş və bu xüsusda, “Caspian Energy Club” tərəfindən 28 fevral 2023-cü il tarixində Tbilisidə təşkil edilən “Caspian Energy Forum” adlı tədbirin əhəmiyyətini vurğulamışdır. Səfir həmçinin, Gürcüstanın biznes mühiti, sosial-iqtisadi sahədə apardığı islahatlar, hökumət tərəfindən həyata keçirilən proqramlar, sərmayə layihələri və tenderlər barədə klub üzvlərini məlumatlandırmışdır.
Görüşdə “Caspian Energy Club”ın sədri Telman Əliyev sözügedən qurumun fəaliyyəti barədə məlumat verərək, klub üzvləri arasında Gürcüstanla biznes əlaqələrinin qurulmasına böyük maraq olduğunu və bu baxımdan təşkilatın Gürcüstanda nümayəndəliyinin təsis olunduğunu qeyd etmişdir. O, “Caspian Energy Club” tərəfindən xarici ölkələrdə davamlı olaraq, “Caspian Energy Forum”unun təşkil olunduğunu və bu tədbirin Gürcüstanda baş tutuması ilə bağlı Səfirlik tərəfindən göstərilən dəstəyə görə təşəkkür etmişdir. T.Əliyev gələcəkdə Gürcüstanda bu kimi tədbirlərin, o cümlədən biznes turların mütəmadi olaraq həyata keçirilməsinin və paytaxt Tbilisi ilə yanaşı, regionlarda da təşkil olunmasının planlaşdırıldığını vurğulamışdır.
Eyni zamanda, görüşdə Azərbaycan şirkətlərinin Gürcüstanda üzləşdiyi çətinliklər və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.
Görüşdə həmçinin Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) sədri Nəriman Qurbanov və təşkilatın idarə heyətinin üzvləri iştirak etmişlər.