2024-cü ilin yekunlarına əsasən, Azərbaycanın şəhər və rayonları üzrə əhali tərəfindən istehlak olunan elektrik enerjisinin həcmi məlum olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Respublika üzrə ümumi istehlak 7 milyard 34,2 milyon kVt·st təşkil edib.
Naxçıvan Muxtar Respublikası üzrə ümumi istehlak həcmi 147,3 milyon kVt·st səviyyəsində olub.
Ən yüksək istehlak həcmi ənənəvi olaraq Bakı şəhərində qeydə alınıb. Paytaxt sakinləri il ərzində 3 milyard 123,2 milyon kVt·st elektrik enerjisi işlədib ki, bu da ümumi ölkə göstəricisinin təxminən 44%-ni təşkil edir.
Paytaxtdan sonra ikinci yerdə 494,7 milyon kVt·st ilə Abşeron rayonu, üçüncü yerdə isə 256,8 milyon kVt·st ilə Sumqayıt şəhəri qərarlaşıb.
İlk onluqda həmçinin Gəncə şəhəri (198,2 milyon kVt·st), Şəmkir rayonu (116,5 milyon kVt·st), Bərdə rayonu (112,4 milyon kVt·st), Ağcabədi rayonu (108,6 milyon kVt·st), Cəlilabad və Sabirabad rayonlarının hər biri (107,3 milyon kVt·st) və Lənkəran rayonu (106,9 milyon kVt·st) yer alıb.