2018-ci ilin oktyabrında “Belavia Aviaşirkəti” ASC və “Azərbaycan Hava Yolları” (AZAL) 2018-ci il oktyabrın 28-dən etibarən Minsk-Bakı hava xəttinin birgə istismarı (kod-şerinq) haqqında ikitərəfli saziş imzalayıblar. AZAL-dan FED.az-a verilən məlumata görə, sazişə əsasən “Belavia Aviaşirkəti” Minsk-Bakı-Minsk reyslərini yerinə yetirən aviaşirkət qismində, "Azərbaycan Hava Yolları" isə marketinq tərəfdaşı qismində çıxış edəcək. Beləliklə, oktyabrın 28-dən etibarən bu marşrut üzrə reyslər Belarus hava şirkəti tərəfindən özünün V2 kodu və Azərbaycan aviadaşıyıcısının J2 kodu altında yerinə yetiriləcək.
Qış cədvəlinə keçməklə “Belavia” aviaşirkəti Bakıya uçuşların tezliyini həftədə 4 dəfəyə kimi artıracaq. Minskdən uçuşlar bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri yerli vaxtla saat 23:15-də, Bakıya eniş isə növbəti gün yerli vaxtla saat 03:35-də həyata keçiriləcək. Bakıdan uçuşlar çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri yerli vaxtla saat 04:35-də və Minskə eniş isə yerli vaxtla saat 07:10-da yerinə yetiriləcək.
“Belavia Aviaşirkəti” – AZAL-ın çoxdankı tərəfdaşıdır. Bakı-Minsk marşrutu üzrə birbaşa reyslərə hər iki ölkənin vətəndaşları və turistləri tərəfindən hər zaman tələbat olub. Əminəm ki, AZAL və “Belavia”-nın birgə kod-şerinq reysləri qarşılıqlı səmərəli və uzunmüddətli əməkdaşlıq üçün əsas olacaq", “Azərbaycan Hava Yolları” sərnişin aviaşirkətinin direktoru Cəmil Manizadə bildirib.
Azərbaycandan uçanları «Belavia» daşıyacaq – RAZILAŞMA
13:48
19 Okt 2018