Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən FED.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində “Dilqəm-20” MMC tərəfindən Rusiya Federasiyasına ixrac olunan müxtəlif çeşidli ədviyyat məhsullarına baxış keçirilib.
Baxış zamanı məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinə nəticələrinə əsasən məhsullarda bağırsaq çöpləri qrupu bakteriyaları aşkar olunub.
Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, istehlaka yararsız ümumi çəkisi 23.4 kiloqram qurudulmuş kök, 28.4 kiloqram qurudulmuş cəfəri, 79.1 kiloqram toyuq üçün ədviyyat və 87 kiloqram acılı marinad məhsulu partiyası Təhlükəli Tullantılar Poliqonunda məhv edilib.