“ABAD” publik hüquqi şəxs Orta Şərq və Mərkəzi Avropanın ən böyük onlayn ticarət platforması olan “Trendyol” ilə əməkdaşlığa başlayıb.
FED.az xəbər verir ki, biznes ekosisteminə müsbət təsir göstərmək və rəqəmsal inkişafa dəstək olmaq məqsədi ilə Türkiyədəki mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, həmçinin sənətkarların məhsul və əl işlərini Türkiyənin hər yerində, hətta digər ölkələrdə müştərilərə çatdıran platforma öz təcrübəsini artıq Azərbaycanla da paylaşacaq. Bu istiqamətdə atılan ilk addım isə "ABAD" – Ailə Biznesinə Asan Dəstək – məhsullarının platformaya daxil edilməsi oldu.
“ABAD” Trendyol-da təqdim olunan ilk Azərbaycan brendi kimi Azərbaycanlı qida istehsalçılarının və sənətkarlarının əl işi məhsullarını Trendyol-dan bütün dünyaya satacaq.
Hazırda pilot xarakter daşıyan bu layihə çərçivəsində kiçik miqdarda “ABAD”çı məhsulları Türkiyəyə ixrac olunub və gələcəkdə ixrac həcminin genişləndirilməsi nəzərdə tutulur.
Bura «Aya Sofya», «Nar» və sair tablolar, keramikadan hazırlanmış nar fiquru, kiçik xalılar, kəlağayı, əl işi olan şahmat fiqurları, stəkan dəsti, müxtəlif əl işi olan çantalar, bəzək məmulatları, sırğalar, gəlinciklər və sair əşyalar aiddir. Satışa verilən malların qiyməti 30 manatdan 420 manatadək dəyişir.
Platformada satışa təqdim olunan məhsullarımız ilə tanış olmaq üçün axtarış panelinə “ABAD” yazmaq kifayətdir.