İsveçrənin “Novanord Holdings” beynəlxalq şirkətinə daxil olan “Novanord Agroprom” MMC-nin əmlakı vergi borcuna görə hərraca çıxarılır.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bununla bağlı Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergi İdarəsi Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 5 663,14 manatlıq borcun ödənilməsi məqsədi ilə 7 500 manatlıq əmlakının hərraca çıxarılmasını xahiş edib.
Eləcə də bax: İsveçrə şirkətinin Azərbaycandakı törəməsi - BAĞLANIR
Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının 22.10.2018-ci il tarixli 18331965389 nömrəli, 19.11.2018-ci il tarixli, 03.01.2019-cu il tarixli , 13.02.2019-cu il tarixli , 07.03.2019-cu il tarixli , 23.04.2019-cu il tarixli və 03.06.2019-cu il tarixli qərarları əsasında 07.06.2019-cu il tarixli protokolla cavabdehə məxsus əmlak – hər tonun dəyəri 500 manat olan 15 ton preslənmiş biyan kökü (Azərbaycan istehsalı) siyahıya alınmış və cavabdehin direktoru yazılı izahatla 15 tonluq əmlakın dəyərinin 7 500 manat olmasını təsdiq edib.
İqtisadi məhkəməsinin qərarının nəticəsi olaraq, Cavabdeh “Novanord Agroprom” MMC-nin dövlət büdcəsinə olan 5 663,14 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 6 000 manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılması qərara alınıb.
Əmlak dedikdə Azərbaycan istehsalı olan və hər tonunun dəyəri 500 manat olan 12 ton preslənmiş biyan kökü nəzərdə tutulur.
Novanord Holdings dörd sahədə işləyir: tikinti, tikinti materialları istehsalı, turizm və otel biznesi, kənd təsərrüfatıdır. Bu holdinq hazırda Birləşmiş Krallıq, Qazaxıstan, İtaliy, Çin, Şimali Kipr, BƏƏ, ABŞ, İsveç, Maldiv, Niderland və Türkiyə kimi ölkələrin bazarlarına çıxa bilib.