Veysəloğlu Şirkətlər Qrupu “Tarladan süfrəyə” prinsipini əsas alaraq əhalinin etibarlı ərzaq təminatı və qida məhsullarından səmərəli istifadəsi üçün yeni təşəbbüsə başlayıb.
FED.az xəbər verir ki, Şirkətlər Qrupu pərakəndə şirkətləri üçün meyvə-tərəvəzin birbaşa fermerdən alışını həyata keçirəcək Meyvə-Tərəvəz satınalma şirkəti təsis edib.
Şirkətin icraçı direktoru Emil Qarayev bildirib ki, müəssisənin yaradılmasında əsas məqsəd meyvə-tərəvəz məhsullarının birbaşa fermerlərdən almaq və məhsulları tarladan “soyuq zəncir” standartlarını təbiq etməklə keyfiyyətli və daha münasib qiymətə istehlakçılara çatdırmaqdır:
«Ölkəmizin iqtisadi rayonlarında bütün təsərrüfat sahələri üzrə məhsul dəyərləndirilməsi etmişik. Kiçik təsərrüfatların iri həcmli məhsul təchizatçısına çevrilməsinə dəstək olmağı əsas götürmüşük. Məqsədimiz «Tarladan süfrəyə» prinsipi ilə tədarük zəncirini yaratmaq və məhsulların çatdırılma müddətini qısaldaraq rəflərə çıxarmaqdır».
Bu təşəbbüs sayəsində yerli kənd təsərrüfatı subyektləri öz məhsullarını daha geniş satış şəbəkəsinə birbaşa təqdim etmə fürsəti əldə edəcəklər, həm də təbii, keyfiyyətli və münasib qiymətli məhsullar müştərilər üçün daha əlçatan olacaqdır.
Fermerlər öz məhsullarını təqdim etmək üçün şirkətin satınalma ofisinin +994559006774 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
26 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu aşağıdakı sahələrdə fəaliyyət göstərir: Topdan satış/distribusiya, pərakəndə, istehsalat, logistika.