19-21 oktyabr tarixlərində Xəzər İnşaat Həftəsi ilə payız sərgi mövsümünə start veriləcəkdir.
FED.az xəbər verir ki, Xəzər İnşaat Həftəsi çərçivəsində keçiriləcək sərgilər sırasına bu ildən etibarən daha bir sərgi qoşulacaqdır.
Belə ki, bu il Xəzər İnşaat Həftəsi 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri ilə yanaşı 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisini də bir ad altında birləşdirəcəkdir. Tədbir Bakı Ekspo Mərkəzində baş tutacaqdır.
Builki sərgilərin miqyası daha da genişlənərək, ötən illərlə nisbətdə ekspozisiyada artım nümayiş etdirir: keçən il tədbir Bakı Ekspo Mərkəzinin 2 zalını əhatə edirdisə, bu il artıq 3-cü zalın istifadəyə verilməsi gözlənilir. Xəzər İnşaat Həftəsi zamanı nümayiş olunacaq yeniliklərdən biri isə sərgilərin Bakı Ekspo Mərkəzinin həm də açıq sahəsini əhatə etməsidir.
Sərgilər əlamətdar bir ilə təsadüf edir. Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu mühüm hadisə Xəzər İnşaat Həftəsinin proqramında da öz əksini tapacaqdır.
İnşaat Həftəsində iştirakçılar arasında ümumilikdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə və digər ölkələrdən olan şirkətlər yer alacaq. Sərgilərdə Almaniya, Macarıstan, Özbəkistan və Rusiya Federasiyası milli və regional stendlərlə təmsil olunacaq.
Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olan “Rebuild Karabakh” bu il artıq 3-cü dəfədir ki, təşkil ediləcək. Sərginin məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqəti vurğulamaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir.
“Rebuild Karabakh”sərgisi burada iştirakçı olan beynəlxalq şirkətləri Qarabağda investisiya layihələrində iştirak etməyə cəlb edir. Sərginin elə əsas hədəfi də Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir. Sərgidə təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır.
İqtisadiyyatın müxtəlif sahələrindən yerli və xarici şirkətlərin sərgiyə olan marağı göstərir ki, “Rebuild Karabakh” sərgisi ötən illər ərzində Azərbaycanda sərgi sənayesinin əhəmiyyətli hadisələrindən birinə çevrilib. Sərginin ölkəmiz üçün əhəmiyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərgi iştirakçılarına salamlama məktubu göndərməsi bir daha sübut edir. Həmin məktub sərginin rəsmi kataloqunda da dərc olunub.
Qeyd etmək lazımdır ki, ölkəmizdə keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri “Rebuild Karabakh 2021” sərgisi çərçivəsində imzalanan Anlaşma Memorandumuna əsasən həm təşkil olunduğu ilk ildə, həm də ötən il sərgi sahəsinin satışından əldə olunan gəlirin bir qismini işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə, Qarabağ Dirçəliş Fonduna ianə edib. Hazırda bu istiqamətdə Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq davam etdirilir.
“Rebuild Karabakh” sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, qida sənayesi, sağlamlıq, , enerjiyə qənaət sistemləri, ağıllı ev həlləri, təhlükəsizlik, təhsil, turizm və mədəni irs, eləcə də yol tikintisi və infrastrukturu bölmələri üzrə təşkil ediləcəkdir.
Çoxillik tarixə malik olan “BakuBuild”və “Aquatherm Baku” sərgiləri isə tikinti sənayesində innovativ mal və xidmətlərin ölkə bazarına çıxışı üçün şərait yaradır, qısa müddətdə hədəf auditoriyası ilə üzbəüz görüşlər keçirmək, yerində biznes qurmaq imkanı təqdim edir.
“BakuBuild” şirkətlərin tikinti sahəsində ən son nailiyyətlərini nümayiş etdirən və ən son texnologiyaları təqdim etmək imkanı yaradan platformadır. Sərgidə ziyarətçilər tikinti proseslərini əhəmiyyətli dərəcədə təkmilləşdirə biləcək bir çox başqa texnologiyalarla tanış olurlar. “BakuBuild” müxtəlif şirkətlərin nümayəndələrini, təchizatçıları və tikinti peşəkarlarını bir dam altında birləşdirir. Ziyarətçilər yeni işgüzar əlaqələr qurmaq, potensial tərəfdaşlıqları müzakirə etmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı əldə edirlər.
“BakuBuild” sərgisi interyer, idman məhsulları, işıqlandırma, izolyasiya sistemləri, landşaft, tikinti material və məhsulları, tikinti istehsalat və avadanlıqları və digər bölmələri əhatə edir.
“Aquatherm Baku” sərgisi 15 ildir ki, istilik, havalandırma, hovuzlar, sauna, spa, kondisioner (HVAC), avadanlıqlar sahəsində bölgənin aparıcı peşəkar sərgisi mövqeyini qoruyur. Sərgidə hava təmizləyiciləri, kondisionerlər, radiatorlar, ventilyasiya sistemləri, istilik sistemləri, istilik izolyasiya materialları, hamam və cakuzi, saunalar, hovuzlar, qızdırıcılar, kompressorlar, soyuducular, çirkab (tullantı) suyu texnologiyaları, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, fitinqlər, boru kəmərləri, nasoslar, soyuducular, günəş enerjisi və s. kimi sektorlar təqdim olunur.
“Road&Traffic” sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində ixtisaslaşmış tədbirdir. Sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə təcrübə mübadiləsi üçün nadir imkandır.
Sərgilər zamanı adətən ekspert və mütəxəssislərin tikinti sahəsində öz bilik və təcrübələrini bölüşdükləri sessiyalar, panel müzakirələri və digər tədbirlər təşkil edilir. Bu, ziyarətçilərə yeni biliklər, sənayedəki ən son tendensiyalar haqqında məlumat əldə etmək və peşəkar bacarıqlarını artırmaq imkanı verir. Bundan əlavə, sərgilərin beynəlxalq statusu iştirakçılara öz məhsullarını təkcə yerli bazarda deyil, eyni zamanda xarici platformada təqdim etmək, həmçinin yeni bazarları və imkanları araşdırmaq fürsəti qazandırır.
Xəzər İnşaat Həftəsinin işgüzar proqramında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair tədbirlər planı üzrə panel müzakirələri, ikitərəfli biznes görüşləri (B2B), Qarabağ Dirçəliş Fondu və “Caspian Event Organisers” şirkətinin birgə təşkilatçılığı ilə Ağdamda xüsusi sessiyanın təşkili və digər tədbirlərin keçirilməsi planlaşdırılır.
Sərgilər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənib. “BakuBuild”sərgisi üzrə qeydiyyat sponsoru qismində NB Group (Corella brendi) çıxış edir.
Xəzər İnşaat Həftəsinin təşkilatçıları “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management”, “ICA Events” şirkətləridir.