Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosda səfərdə olan prezident İlham Əliyev yanvarın 23-də «The Boston Consulting Group»” şirkətinin prezidenti və baş direktoru Riç Lesser ilə görüşü olub.
FED.az xəbər verir ki, görüşdə Riç Lesser “The Boston Consulting Group”un rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində müxtəlif həll variantları işləyib hazırlayan qlobal şirkətlərdən biri olduğunu vurğulayaraq, Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu ifadə etdi.
O, Azərbaycanda həyata keçirilən islahatları, yaradılan biznes mühitini və sürətli inkişafı dəstəklədiklərini bildirdi. Riç Lesser həm dövlət qurumlarının, həm də özəl şirkətlərin fəaliyyətində, səhiyyə, icbari tibbi sığorta və digər sahələrdə daha yüksək idarəçiliyi təmin edəcək rəqəmsal həll variantlarına malik olduqlarını dedi.
Eləcə də bax: AzTV-də kadr islahatına və yoxlamalara başlanılıb
Qeyd edildi ki, Azərbaycanda bu həll variantlarının tətbiqi həm yeni iş yerlərinin yaradılmasına səbəb olacaq, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi idarəetmə sistemlərinin daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcək.
Prezident İlham Əliyev “The Boston Consulting Group” şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanın müxtəlif dövlət və özəl şirkətlər ilə əməkdaşlığın, biznes mühitinə dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirdi.
Qeyd edək ki, hazırda “The Boston Consulting Group” Bakının Baş Planının hazırlanması ilə bağlı işlərə cəlb edilib və bu sahədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq edir.