Sentyabrın 23-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə cari iqtisadi vəziyyət və biznesin inkişaf perspektivləri, həmçinin ölkədə investisiya mühiti və həyata keçirilən iqtisadi islahatların səmərəliliyi haqqında “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" hesabatının təqdimatı keçirilib. Tədbirdə yerli və beynəlxalq işgüzar dairələrin 100-dən çox nümayəndəsi iştirak edib.
Eləcə də bax: "Azərbaycan qeyri-neft ixracını 2,2 milyard dollaradək artırmağı planlaşdırır"
İqtisadiyyat Nazirliyindən FED.az-a bildirilib ki, tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən nəşr olunan “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021” hesabatının ölkəmizdə pandemiyanın iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi və təhlil edilməsində, həmçinin, mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində faydalı platforma olduğunu vurğulayıb, bu cür hesabatların işgüzar dairələrin rəyinin öyrəniməsi, biznes çağırışlarının dəyərləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Nazir ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun, regionların və sahibkarlığın inkişafı ilə bağlı görülmüş işlər, pandemiyanın Azərbaycanda biznes mühitinə təsiri və hökumətin dəstək mexanizmləri, sənaye zonalarının, həmçinin Ələt Azad İqtisadi Zonasının logitsika imkanları barədə məlumat verib. Milli Prioritetlərimizdən olan işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış, bu ərazilərdə reallaşdırılacaq “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarından danışan Mikayıl Cabbarov burada yeni biznes və investisiya imkanlarını qeyd edib, Ağdam Sənaye Parkının strateji əhəmiyyətini vurğulayıb və işğaldan azad edilmiş ərazilərdə yeni sənaye zonasının yaradılacağını bildirib.
"AHK Azərbaycan"ın İdarə Heyətinin sədri Fərid İsayev dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib, dialoq mühitinin inkişafında dövlət qurumlarının, o cümlədən İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın yaradılmasının əhəmiyyətini vurğulayıb. Fərid İsayev “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021” hesabatının hazırlanması zamanı ölkəmizdə təmsil olunan xarici şirkətlər arasında ətraflı sorğular aparıldığını, onların işgüzar mühit, habelə işğaldan azad edilmiş ərazilərdə biznesin qurulması və bərpa işlərində iştirakı barədə fikirlərinin öyrənildiyini diqqətə çatdırıb. Bildirilib ki, AHK Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastruktur layhələrinin sürətli icrasını diqqətlə izləyir. Qeyd edilib ki, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, habelə Zəngəzur dəhlizinin yaradılması istiqamətində aparılan aktiv işlər biznes üçün yeni imkanlar yaradır. İcraçı direktor vurğulayıb ki, AHK-ya üzv şirkətlər işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq layihələrinə böyük maraq göstərir.
“AHK Azərbaycan”ın icraçı direktorunun müavini Nigar Bayramlı “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021” hesabatı ilə bağlı təqdimatla çıxış edib. Hesabat 2021-ci ilin may-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələri arasında keçirilən Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır. Hesabatın hazırlanması üçün Azərbaycanda fəaliyyət göstərən və 30 ölkəni təmsil edən 270 xarici şirkətə sorğu göndərilib, dəyərləndirmə üçün 130 etibarlı və tamamlanmış cavab seçilib. Sorğuda iştirak edən xarici şirkətlərin 88%-i mikro müəssisələr və KOB-lardır. Şirkətlərin 67% -i 10 ildən çoxdur ki, Azərbaycanda öz layihələrini həyata keçirir.
Respondentlərin 68%-i Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətini stabil qiymətləndirib. Əvvəlki hesabatda bu göstərici 39% təşkil edirdi. Xarici şirkətlərin 57%-i Azərbaycanda fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətini ifadə ediblər. Sorğuda iştirak edən xarici şirkətlərin 43%-i fəaliyyət sahələri üzrə işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə biləcəklərini, 22%-i bu layihələrdə iştirakının mümkünlüyünü, 17%-i isə yüksək maraq göstərdiklərini bildiriblər. Respondentlərin 60%-i Azərbaycanı əlverişli biznes məkanı kimi tövsiyə edir.
Hesabatda həmçinin, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində islahatların davam etdirilməsi gözləntiləri də əksini tapıb.
Sonra hesabat barədə ekspertlərin rəyləri dinlənilib.