Dekabrın 18-də Azərbaycanda virtual Sahibkarlıq Yarmarkası keçiriləcək. FED.az xəbər verir ki, yarmarka Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən təşkil edilir.
Yarmarkaya Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsi dəstək verir.
Təşkilatçılar bildirir ki, Sahibkarlıq Yarmarkasının əsas məqsədi istehsalçılar, təchizatçılar, istehlakçılar və dövlət qurumlarını məlumatlandırmaq və onlar arasında əlaqələr qurmaqdır.
Yarmarkada 15 fəaliyyət növü (buraya arıçılıq, quşçuluq, heyvandarlıq, dərzilik, konservləşdirmə, un məmulatlarının hazırlanması, meyvə qurusu, əl işləri, toxuculuq, xalçaçılıq və sair) ilə məşğul olan 100 sahibkarın 500-dən artıq məhsul çeşidini nümayiş etdiriləcək. Bu məhsulları virtual olaraq göstərərək, sahibkarlar (istehsalçılar) maraqlı tərəfdaşlarla ünsiyyətdə olaraq və son texnologiyalar, metod və tətbiqetmə barədə ətraflı məlumat əldə etmək şansı qazanacaqdır. Bundan əlavə, istehsalçılar ümumi problem və gözləntilərini bölüşərək, fermerdən fermerə məlumat ötürülməsini həyata keçirəcəklər.
Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarə heyətinin sədri Cəlal Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin Sədri Orxan Məmmədov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, İslam İnkişaf Bankının Davamlılıq və Sosial İnkişaf Departamenti, Qadınların inkişafı üzrə baş mütəxəssis Kristonia Lokhart, Polşa Mikromaliyyə Mərkəzinin (MFC) müdir müavini Katarzina Pavlakın iştirakı gözlənilir.
Xatırladaq ki, ADSMİRRA layihəsinin ümumi məqsədi regionlarda yaşayan əhalinin gəlir əldə etmək və iş yerlərinin açılmasını dəstəkləmək üçün mikromüəssisələrin yaradılmasına və inkişafına dəstək verməkdir. Layihənin spesifik məqsədi Gəncə - Qazax, Quba - Xaçmaz, Şəki - Zaqatala və Kür - Araz (Aran) iqtisadi rayonlarda, bazar imkanlarını asanlaşdırmaq və sərmayə kapitalı ilə təmin etməklə öz bizneslərini qurmağa və ya genişləndirməyə imkan yaratmaq üçün kəndli mikrosahibkarların imkanlarını gücləndirməkdir.
Virtual Sahibkarlıq Yarmarkasını canlı yayımda 18 dekabr 2020-ci il saat 11:00-da www.e-sergi.az or www.facebook.com/esergiaz resurslarından izləmək olar.