Prezident İlham Əliyevin sərəncamı ilə müəyyən edilmiş 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinə dair görülən işlər yekunlaşmaqdadır.
Bu barədə Vergilər Nazirliyinin Vergi auditi və operativ vergi nəzarəti İdarəsinin rəisi Toğrul Quliyev məlumat verib.
Onun sözlərinə görə, səyyar vergi yoxlamasının və elektron auditin keçirilməsi qaydaları hazırlanıb və Vergilər Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilib: "Yeni qaydalar vergi yoxlamalarının təyin edilməsi, yoxlamaların aparılması və nəticələri üzrə qərarların qəbul edilməsində vergi ödəyicilərinin qanuni maraqlarının qorunmasına, vergi ödəyiciləri ilə birbaşa təmasın azaldılmasına, yoxlamaya sərf ediləcək günlərin sayının azaldılmasına xidmət edəcək".
"Bununla yanaşı, elektron auditin aparılması üçün mütəxəssislərin hazırlanmasına başlanılıb və qanunvericilik üzrə bilik səviyyələrinin artırılması ilə yanaşı, onlara kompüter proqramlarından istifadə vərdişlərinin yüksəldilməsi üçün də təlimlər keçiləcək" - İdarə rəisi qeyd edib.