Azərbaycanda fəaliyyət göstərən Türk iş adamları birliklərinin vahid təşkilatda birləşməsi təklif edilib. FED.az xəbər verir ki, bu təklif noyabrın 24-də
«Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər» İctimai Birliyinin (TÜİB)3-cü dönəm seçkili ümumi yığıncağında səslənib. Tədbirdə çıxış edən Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov bildirib ki,
TÜİB yarandığı dövrdən bəri ona göstərilən etimadı tam doğruldub. Təşkilat türk iş adamlarını özündə birləşdirən vahid bir platforma olmaqla yanaşı, Azərbaycanın ictimai-sosial həyatında fəal iştirakı ilə seçilib. Administrasiyanın nümaynədəsi türk işi adamları təşkilatlarının vahid təşkilata çevrilməsini də təklif edib. «Ölkəmizdə müxtəlif türk iş adamları qurumları fəaliyyət göstərir. Düşünürəm ki, onların vahid təşkilata çevrilməsi, yaxud vahid platformadan çıxış etməsi daha səmərəli olardı, eyni zamanda, ümumi işin keyfiyyətinə öz müsbət təsirini göstərərdi» -deyə B.Həsənov vurğulayıb.
Xatırladaq ki, hazırda Azərbaycanda türk biznesini özündə birləşdirən bir neçə təşkilat fəaliyyət göstərir. Bunlar «Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər» İctimai Birliyi (TÜİB), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) və ölkəmizdə bir il qədər əvvəl fəaliyyətə başlamış Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MUSİAD Baku) təşkilatlarıdır.
B.Həsənov deyib ki, Türkiyədə müxtəlif sahələrdə kifayət qədər aktiv fəaliyyət göstərən azərbaycanlı iş adamları var. Onlar Türkiyənin iqtisadiyyatına öz töhfələrini verirlər. Həmin iş adamlarının birləşdirilməsi, vahid koordinasiya mərkəzinin formalaşdırılması, ortaq layihələrin həyata keçirilməsi daha da yaxşı olardı. Azərbaycanda da kifayət qədər türk şirkətləri var. Bu, sevindirici haldır. Çox istərdik TÜİB bu şirkətlərin hamısını əhatə etsin.