Azərbaycanda startapların müxtəlif dövlət qurumları və ayrı-ayrı şirkətlər tərəfindən keçirilən tenderlərdə, eləcə də, əhəmiyyətli layihələrdə iştirakını təmin etmək, onlara bu sahədə dəstək göstərmək məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi, nazirliyə məxsus “AzInTelecom” MMC, eləcə də "Lenovo", "Nutanix" və "iQRex" şirkətləri konsorsium yaradıb.
FED.az xəbər verir ki, konsorsium yerli startapçılara müxtəlif maliyyə mənbələri əldə etmək, mühüm layihələrdə, o cümlədən iri və orta büdcəli tenderlərdə iştirak etmək imkanı yaradacaq.
“Bütün dünyada olduğu kimi, ölkəmizdə də startaplar riskli hədəf qruplarına aid edilir. Bu baxımdan onlar böyük maliyyə yükü olan layihələrdən kənarda qalır. Əksər vaxt startaplar istər dövlət qurumları, istərsə də özəl şirkətlər tərəfindən elan edilən tenderlərə buraxılmırlar. Yaradılan konsorsium bu sahədə startapların şansını artıracaq”, - deyə tədbirdə qeyd edilib.