Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirlikləri, Yüksək Texnologiyalar Parkı, “Youth İnc.” şirkəti birgə Bakı və regionlarda startap turlarına başlayırlar. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən FED.az-a verilən məlumata görə, turların məqsədi startap hərəkatını genişləndirmək, gənclərin biznes ideyalarının həyata keçirilməsinə, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsinə və yeni innovativ ideyaların reallaşdırılmasına dəstək verməkdir. Startap turları “İdeyadan Biznesə” şüarı ilə təşkil ediləcək.
Startap turu iki hissədən - konfrans/treninq və startap müsabiqəsindən ibarətdir. Tədbirin əvvəlcədən proqramı tərtib olunacaq və müxtəlif mövzuları əhatə edən panel çıxışlar təşkil olunacaq.
Potensial partnyor qismində biznes trenerlər/mentorlar, QHT-lər, yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən yerli şirkətlər, akselerasiya proqramları, ali təhsil müəssisələri, bölgələrdəki dövlət qurumları çıxış edir.
Qalib gələn layihələr mentor xidmətləri və investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin oluna bilər.
Startap turu Bakı, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Sumqayıt, Şəki və Zaqatalanı əhatə edəcək.
Startapçılar tərəfindən hazırlanan təqdimatlar mütəxəssislər tərəfindən yoxlanılacaq və hər bölgə üzrə qaliblər seçiləcək.
Finalda qalib seçilən 10-15 (hər şəhərdən/bölgədən 1-ci və 2-ci yerlərin qalibləri) layihə iştirak edə bilər. Qaliblər Bakıda keçirilən Startap turunun final mərhələsində iştirak hüququ qazanacaq.
Startap turunun final mərhələsi üçün qalib seçilən layihələr təqdimat və finala qədər prototip/dizayn hazırlayacaq, hər startap layihəsinin təqdimatından sonra münsiflər tərəfindən sual-cavab və qiymətləndirilmə keçiriləcək.