28 oktyabr 2020-ci il tarixində “Education HUB”ın təşkilatçılığı və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə Azərbaycan ilk dəfə “Sosial sahibkarların beynəlxalq forumu”na (onlayn) ev sahibliyi edəcək. Forumun məqsədi sosial inkişaf üçün sosial sahibkarlığın innovativ vasitə olduğunu diqqətə çatdırmaq və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.
Onlayn tədbir zamanı iştirakçılar ABŞ, Azərbaycan, Almaniya, Bosniya-Herseqovina, Ukrayna, Gürcüstan və s. ölkələrin sosial sahibkarlıq təcrübəsi, bu sahədə qanunvericilik ilə tanış olacaq, həmin ölkələrdən olan sosial sahibkarların uğur hekayələrini eşidəcəklər. Eyni zamanda forumda davamlı inkişaf üçün sektorlararası əməkdaşlıq imkanları müzakirə olunacaq.
Tədbir gənclər arasında sosial dəyər və sosial sahibkarlıq düşüncə tərzinin formalaşmasına, onların öz sosial bizneslərinin yaradılmasına və yeni innovativ həllər gətirməsinə dəstək verəcək. Forumun texniki dəstəkçisi Avropa İttifaqının Mülki Təsisat proqramıdır.