Gələn ildən etibarən Azərbaycanda siqaret və alkoqollu içkilər üzrə aksiz dərəcələri bir qədər də artırılacaq.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin bu gün açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Təqdimatda büdcənin aksizlərdən olan daxil olmaları ilə bağlı proqnozları açıqlanıb.
Sənəddə bildirilir ki, 2024-cü ildə aksizlər üzrə daxilolmalar 1 milyard 358 milyon manat nəzərdə tutulur ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 145 milyon manat və ya 12 faiz artıqdır.
Gələ il toplanacaq aksiz vergilərinin 48,6 faizi və ya 660,0 milyon manatı qeyri-neft sektorunun, 51,4 faizi və ya 698,0 milyon manatı neft sektorunun payına düşür.
2024-cü ildə qeyri-neft sektoru üzrə toplanacaq aksiz vergisi 2023-cü illə müqayisədə 116 milyon manat və ya 21,3 faiz artıq olacaq.
Sənəddə bildirilir ki, qeyri-neft sektoru üzrə aksiz vergisi gəlirlərinin artması həm istehsalın artımı, həm də aksiz vergisi dərəcəsinin artımı ilə bağlıdır.
Belə ki, makroiqtisadi proqnozlarda 2024-cü il üzrə Azərbaycanda istehsal həcmlərinin cari ilin göstəricisindən konyak üzrə 153,5 min dal, pivə üzrə 135,7 min dal və içməli spirt üzrə 5,1 min dal artımla proqnozlaşdırılması nəzərdə tutulur.
Eyni zamanda zamanda Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən 2024-cü il yanvarın 1-dən etibarən tütündən hazırlanan siqaretin qiyməti hər 1000 ədədinə görə 7 manat artırılaraq 45,5 manata çatdırılacaq.
Araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, içməli spirt, konyak və konyak materiallarının qiyməti hər litrinə görə 0,8 manat artırılaraq 4,8 manat edilib.