Sentyabr ayında Azərbaycanda “Iteca Caspian” və “Caspian Event Organisers” sərgi şirkətləri tərəfindən təşkil olunan ixtisaslaşmış ticarət-sənaye sərgiləri mövsümü yenidən start götürür. FED.az xəbər verir ki, payız mövsümünün sərgiləri çərçivəsində iqtisadiyyatın qeyri-neft sektoru əhatə olunacaq və bu sərgilər Azərbaycan Respublikası dövlət strukturlarının dəstəyi ilə keçiriləcək.
Hədiyyə və reklam sərgisi
Builki sərgi mövsümü öz işinə iki yeni sərgi – 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi “Gift&Promo Fair” və 1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi “AdPrint” sərgiləri ilə başlayacaq. Hədiyyə sənayesinin özünəməxsus vitrini olan “Gift&Promo Fair” sərgisində geniş çeşiddə biznes və “VIP” hədiyyələri, reklam və təşviqat suvenirləri, eləcə də sevdikləriniz və dostlarınız üçün özəl hədiyyə seçimləri təklif olunacaq. “AdPrint” sərgisində isə reklam və çap sahəsində innovativ məhsul və xidmətlər nümayiş etdiriləcəkdir. Hər iki sərgi 20-22 sentyabr tarixində “Boulevard Hotel Baku” otelində keçiriləcək.
Müdafiə sərgisi
Adıçəkilən tədbirlərdən sonra sərgi mövsümü öz işini 3-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2018” sərgisi ilə davam etdirəcək. Regionda silah və hərbi texnikanın nümayiş etdirildiyi ən böyük ekspozisiyalardan biri olan bu genişmiqyaslı sərgi müasir silah və texnikanın, habelə Azərbaycan Respublikasının müdafiə-sənaye kompleksinin güc və qüdrətinin parlaq nümayişidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “ADEX” sərgisini ziyarət edir. Sərginin təşəbbüskarı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyidir və sərgi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.
“ADEX” sərgisində hərbi və ikitəyinatlı məhsulları təqdim edən müəssisə və təşkilatların sayı ilə yanaşı, sərgidə nümayiş etdirilən eksponatların da sayı durmadan artır. Bu il sərgi Bakı Ekspo Mərkəzinin 3 pavilyonunu və açıq meydançasını əhatə edəcək. Azərbaycan, Belarus Respublikası, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr “ADEX 2018” sərgisində öz milli qrupları ilə çıxış edəcəklər. Tədbirdə İtaliya, Bolqarıstan, Çin, Hollandiya, Litva və digər ölkələrin aparıcı şirkətləri tərəfindən quru qoşunları, hərbi dəniz və hərbi hava qüvvələri üçün raket nümunələri, hərbi dəniz gəmiləri, paraşüt / aviasiya avadanlıqları, PUA sistemləri, atıcı və artilleriya silahları, eləcə də müxtəlif döyüş sursatları, simulyatorlar (trenajorlar) və bir sıra digər məhsullar təqdim ediləcək. Bu il digər sektorlar ilə yanaşı, hərbi-aviasiya sənayesi sektoru da geniş təqdim olunur və bu sektorda “MİQ” (“МИГ”), “TUSAŞ”, “Leonardo”, “ОАК”, “Motor Siç” (“Мотор Сич”), “Rusiya Vertolyotları” (“Российские вертолеты”) və “Aeronautics Group” kimi dünyaca məşhur korporasiya və şirkətlər iştirak edəcəklər. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda isə ən son silah və hərbi texnika nümayişi xüsusi maraq doğuracaqdır. Peşəkarlar, ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcud və inkişaf etməkdə olan potensialı ilə yaxından tanış ola biləcəklər.
Təhsil və karyera sərgisi
Həmçinin builki payız sərgi mövsümünün təqviminə hər il keçirilən və artıq ənənəyə çevrilmiş sərgilər də daxil edilib: 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi “Education 2018”, 12-ci Azərbaycan Beynəlxalq Karyera Sərgisi “Career 2018”, 24-cü Azərbaycan Beynəlxalq İnşaat Sərgisi “BakuBuild Azerbaijan 2018”, Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi “Caspian MebelExpo”, 11-ci Beynəlxalq İstilİk, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji Sərgisi “Aquatherm Baku”, 11-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi “CIPS”, 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi “Caspian Ecology” və 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı “Bakutel 2018”.
İşgüzar naharlar davam edəcək
Hər sərgi çərçivəsində yerli və xarici sahibkarların iştirakı ilə “B2B” formatlı görüşlər, eləcə də tematik konfranslar təşkil olunacaq. Burada mütəxəssislər, nazirlik nümayəndələri, sənaye ittifaqları və assosiasiyaların rəhbərləri, o cümlədən jurnalistlər ilə görüşə biləcəksiniz. Sərgi iştirakçıları, habelə yerli istehsalçılar və distribütorlar arasında keçirilən “B2B” formatlı görüşlər bazar iştirakçıları arasında birbaşa görüş və danışıqlar üçün effektiv işgüzar platformaya çevriləcək. Bunun nəticəsi isə səmərəli tərəfdaşlıq münasibətləri və distribütor şəbəkələrinin yaradılması, eləcə də yerli bazara yeni mal və xidmət növlərinin çıxarılması ola bilər. Həmçinin sərgilərin açılışından xeyli əvvəl iştirakçılara sərgilərdəki bütün resurslardan səmərəli istifadə olunmasında köməklik göstərmək üçün işgüzar nahar ənənəsi davam etdiriləcəkdir.
Yeni sistem işə düşəcək
Bu mövsümdə təşkilatçılar tərəfindən bir sıra yenilikləri də tətbiq olunacaq. Belə yeniliklərdən biri “BakuBuild Azerbaijan” sərgisində qeydiyyatdan keçmiş ziyarətçilərə tövsiyə olunan sərgi iştirakçılarının siyahısının təqdim edilməsidir (sözügedən siyahı ziyarətçilərin profilinə əsasən hazırlanır). Bu rahat və pulsuz xidmət sərgidə şirkətlərin axtarışına sərf edilən vaxta əhəmiyyətli dərəcədə qənaət etməyə və bu vaxtı potensial tərəfdaşlar ilə işgüzar danışıqlara sərf etməyə şərait yaradacaq.
Şəxsi kabinet
Bundan başqa, bütün sərgilərin veb-saytlarında eksponent və ziyarətçinin “Şəxsi kabinet”i fəaliyyət göstərir - bu funksiya sayəsində hər iki tərəf sərgilərin imkanları, təqdim edilən məhsullar və sərgi çərçivəsində keçirilən işgüzar tədbirlər barədə ətraflı məlumat ala, eləcə də digər imkanlar ilə yanaşı, təşkilatçıların ən son yenilikləri ilə tanış ola biləcəklər.
“Beyc”lər kağızdan hazırlanacaq
Hələ cari ilin birinci yarısında sərgi təşkilatçıları özlərinin sosial məsuliyyət proqramı çərçivəsində “Təbiəti qoru” şüarı altında bir sıra tədbirlərə start veriblər. Bu proqrama əsasən, şirkətlər ofislərdə istifadə etdikləri bütün kağız məmulatlarını emala və təkrar istifadəyə təqdim edir. Bundan başqa, sərgidə ziyarətçi və iştirakçılara verilən bütün “beyc”lər kağızdan hazırlanacaq. Hər sərgini orta hesabla 5000 insan ziyarət edir. Kağız “beyc”lərə keçid plastik kütlədən istifadəni əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcəkdir. Həmçinin növbəti ildən etibarən, sərgilərdə plastik paketlərdən tamamilə imtina etmək və təkrar emal edilmiş kağızlara keçmək nəzərdə tutulub.
Beləliklə, Azərbaycanın paytaxtını daha bir zəngin sərgi mövsümü gözləyir. Sərgilər yeni şirkətləri cəlb edərək beynəlxalq əməkdaşlığın əsasını qoymaqla yanaşı, sənayedəki vəziyyəti təhlil etməyə və onun inkişaf təmayülünü izləməyə kömək edəcək və bazara yeni məhsulların çıxarılmasına şərait yaradacaqdır. Sərgilər köhnə əlaqələrin dəstəklənərək möhkəmləndirilməsi üçün əla platformaya, eləcə də yeni tanışlıqların və işgüzar münasibətlərin yaradıldığı məkana çevrilib. Bu baxımdan, təsadüfi deyil ki, sərgiləri “əl sıxılan məkan” da adlandırırlar. Sərgilər nüfuz baxımından da çox vacibdir, belə ki, sənaye sərgiləri iştirakçılara baxış olmaqla yanaşı, görülmüş iş və onun nəticələri barədə özünəməxsus hesabatdır.
Payız mövsümündə keçiriləcək sərgilərin veb-saytlarında ziyarətçilər üçün qeydiyyat prosesinə artıq start verilib və ziyarətçilər burada qeydiyyatdan keçə bilərlər. Sərgilər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənirlər. 2018-ci il üzrə sərgilərin tərəfdaşları arasında “Hyatt Regency” mehmanxanaları (rəsmi otellər), “Qafqaz Point Hotel” və“Premier Tour” şirkəti (rəsmi turoperator) yer alır.
Azərbaycanda sərgi mövsümü başlayır - YENİ SƏRGİLƏR
13:34
27 Avq 2018