Azərbaycanda sahibkarların tez-tez qarşılaşdığı problemlər açıqlanıb.
Eləcə də bax: «Banklardakı «qara siyahı»lar - BİZNESƏ MANE OLUR» – İŞ ADAMI
FED.az xəbər verir ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) toplantısında bildirilib ki, ASK-Dövlət Gömrük Komitəsi, ASK-Dövlət Vergi Xidməti arasında İkitərəfli Əməkdaşlıq Şuraları mövcuddur və hər bir şuranın ayrılıqda 2 iclası keçirilib. İclaslarda malların gömrük dəyərinin müəyyən edilməsi üsulları, saxta malların idxalının qarşısının alınması ilə bağlı məsələlər, təşviqlə bağlı gələn avadanlıqların idxalındakı problemlər, gömrük keçid məntəqələrindəki yubanmalar, gömrük ekspertizasının gərəksiz yerə yüklənməsi və s. məsələlər müzakirə edilib.
Həmçinin müəssisələrdə sənədsiz mövcud olan əsas vəsaitlərin və malların qiymətləndirmə əsasında balansa daxil edilməsinə icazənin (amnistiyanın) verilməsi, avansın ƏDV-yə cəlb olunmasının ləğv edilməsi, ƏDV-nin differensiallaşdırılması, artıq ödəmədən yaranan ƏDV-nin qaytarılmasında operativliyin təmin edilməsi, onlayn kargüzarlıq prosesi zamanı texniki problemlərin həll olunması mövzusunda qarşılıqlı təkliflər səsləndirilib və qaldırılan məsələlərdən bir çoxu “Vergi Məcəlləsi”ndə öz əksini tapıb.
Sahibkarlar tender, vergi, investisiya təşviqi sənədinin icrası, valyuta tənzimi rejimi, açıq məkanlarda reklam qaydaları, maliyyə əlçatanlığı ilə bağlı da müraciətlər ediblər.