Ölkə başçımızın təşəbbüsü ilə həyata keçirilən böyük həcmli əmək və sosial islahat paketləri birmənalı olaraq bizim sahibkarlarımız tərəfindən dəstəklənir.
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir sıra sahibkarlara "Dayaq" mükafatının təqdimat mərasimində bildirib.
"Hər bir ölkənin inkişafı sahibkarlığın inkişafından keçir. Bu gün müxtəlif proqramlarımız vasitəsilə, müxtəlif qanunvericilik layihələri ilə, həyata keçirilən müxtəlif inzibati idarəçilik mexanizmləri vasitəsilə sahibkarlarımızın biznesə çıxışının rahatlaşdırılması, asanlaşdırılması üzərində iş aparılır.
Bunun nəticəsidir ki, bugün Azərbaycanda sahibkarlıq çox böyük bir təməl üzərində formalaşmışdır. Mən inanıram ki, gələcəkdə də birgə fəaliyyətimiz müxtəlif layihələrin həyata keçirilməsinə və sahibkarlığın müxtəlif istiqamətlərdə dəstəklənməsinə töhfə verəcək" – deyə nazir qeyd edib.