Azərbaycanda fəaliyyətdə olan sahibkarların 99,7 %-ni mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir.
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir. Azərbaycanda KOB subyektləri əsasən ticarət, nəqliyyat və anbar təsərrüfatı, turizm, ictimai iaşə, sənaye, daşınmaz əmlak, təhsil və digər sahələrdə fəaliyyət göstərirlər.
“Ölkə sahibkarları, o cümlədən KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunub. KOB-ların inkişafına yönəlmiş ünvanlı dəstək alətləri iqtisadiyyatın müxtəlif sahələrində yeni KOB subyektlərinin yaranmasını və mövcud KOB-ların fəaliyyətinin genişlənməsini, mikro sahibkarların kiçik, kiçik sahibkarların orta və iri biznes subyektlərinə çevrilməsini stimullaşdırır. Sözügedən sektorda dövlət siyasətinin təkmilləşdirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması və institusional dəstəyin təmin edilməsi məqsədilə yaradılmış KOBİA 2018-ci ildən etibarən yeni KOB-ların yaradılması və mövcud bizneslərin inkişafını müxtəlif mexanizm və alətlərlə dəstəkləyir”, - məlumatda deyilir.
Dünya üzrə şirkətlərin təqribən 90 %-i KOB subyektləridir. KOB-lar dünyada məşğulluğun 60-70 %-ni, ümumi daxili məhsulun 50-60 %-ni təmin edir. (Report)