Sabirabad Sənaye Məhəlləsində tikinti işləri tam başa çatıb. Hazırda tikintidə yardımçı işlər görülür, sahədaxili yollara asfalt döşənir, səkilər salınır, kommunikasiya avadanlıqları quraşdırılır.
FED.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən salınan sənaye məhəlləsi rayonun Qalağayın kəndi ərazisində yerləşir. Sənaye məhəlləsinin tikintisi qeyri-neft sektorunun inkişafına təkan vermək və əhalinin məşğulluğunu artırmaq məqsədi daşıyır. Məhəllə sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişafına dəstək olacaq. Burada ümumi dəyəri 16,9 milyon manat olan 5 layihənin icrası nəzərdə tutulub. Həmin layihələr yun və təbii bitki tədarükü, gübrə, şokaladlı, jeleli, toffi və nuqalı konfetlərin istehsalı və bal məhsullarının qablaşdırılması sahələrini əhatə edir.
Eləcə də bax: Azərbaycanın İSMA velosiped mağazaları fəaliyyətini dayandırdı - AÇIQLAMA
Layihə rəhbəri Qurban Burcəliyev söhbət zamanı tikinti işləri barədə məlumat verərək qeyd edib ki, tikintiyə 2017-ci ilin dekabrından başlanılıb. Məhəllənin ümumi sahəsi 20 hektardır. Tikinti sahəsi isə 15 min 797 kvadratmetr təşkil edir. Binaların ümumi sahəsi isə 12 min 872 kvadratmetrdir. Tikinti yüksək səviyyədə, standartlara uyğun inşa olunub. Artıq inzibati, istehsal və digər yardımçı binalarının tikintisi başa çatıb. Sənaye məhəlləsinin inzibati binasında toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərəcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, yeməkxana və mağaza buranın idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Sənaye məhəlləsində sahibkarlara mühasibatlıq, hüquq, bank və sığorta, poçt və internet, logistika, tibbi xidmət də göstəriləcək.
Məhəllənin su-kanalizasiya sistemləri, təmizləyici qurğular, habelə elektrik enerjisi ilə təminatı işləri də yekunlaşıb.
Sənaye məhəlləsi istifadəyə verildikdən sonra burada 262 nəfər çalışacaq.