Gələn il yanvarın 1-dən Azərbaycanda riskli vergi ödəyicilərinə nəzarət gücləndiriləcək.
FED.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Eləcə də bax: Vergi pozuntusuna görə məsuliyyətə cəlbetmə - QAYDASI DƏYİŞDİRİLİR
Layihəyə əsasən, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə təsdiq edilmiş meyarlara uyğun olan və barəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olan vergi ödəyicisidir.
Riskli vergi ödəyiciləri barədə məlumat kommersiya və ya vergi sirri sayılmayacaq. Vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, bu hal onda növbədənkənar səyyar vergi yoxlaması və operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas sayılacaq. Riskli vergi ödəyicisinə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmayacaq. Habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal yetirməyi tələb edə bilər. Vergi orqanının bu halda verginin onun ödənildiyi tarixədək hesablamaq hüququ olacaq. Riskli vergi ödəyicilərinə münasibətdə artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılacaq. Riskli vergi ödəyicisindən əldə edilmiş elektron qaimə-faktura da əvəzləşdirməyə əsas olmayacaq.
Qanun layihəsi Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.
Apa