Koronavirus və onun təsirləri özünü ən çox ictimai iaşə sahəsində – restoran-kafelərin dövriyyəsində göstərib.
FED.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, 2020-ci ilin birinci rübündə Azərbaycanın ictimai iaşə dövriyyəsi 279 milyon 340 min manat olub.
Bu ötən illə müqayisədə 12,9% azdır.
Martda isə restoranların dövriyyəsi daha kəskin azalıb. Ötən ay ölkə restoranlarında cəmi 56,4 milyor manat dövriyyə olub ki, bu da əvvəlki ilin martı ilə müqayisədə, 51,4% və ya 2 dəfədən də çox azdır. Ötən ilin martında restoranlarda 114,8 milyon dövriyyə olmuşdu.
Qeyd edək ki, mart ayı restoranların yüksək gəlirləri olduğu aylardan sayılır, faktiki olaraq restoran mövsümü məhz bu aydan başlayır. Digər tərəfdən, 2020-ci ilin yanvar-fevral aylarının nəticələri göstərir ki, ötən illə müqayisədə bu il restoranların aylıq dövriyyəsində 10-11 milyon manat artım (yanvarda 8,3%, fevralda 9,5%) vardı. Başqa sözlə, koronavirus poblemi olmasaydı, martda restoranların dövriyyəsi 125 milyon manatı keçəcəkdi.