"Bu il yeni qoz bağlarının salınması nəzərdə tutulur, yerlər müəyyən edilib. Özəl sektor bu işə çox böyük maraq göstərir və təqribən 10 minə yaxın hektarda yeni qoz bağları salınacaq. Bir neçə ildən sonra bu da çox böyük gəlir gətirən ixrac sahəsi olacaq".
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair illik konfransda deyib.
"2016-2017-ci illərdə bizim tövsiyəmiz əsasında 200 hektarda yeni badam bağları salınıb. Məsələni təhlil etməyə başlayanda mən gördüm ki, Azərbaycanda cəmi 1000 hektarda badam bağları vardır, onların da təqribən 900 hektarı Naxçıvan Muxtar Respublikasındadır. Abşeronda, Bakıətrafı yerlərdə, Xızı, Siyəzən, Şabran zonalarında badam yetişdirilməsi üçün çox gözəl təbii şərait var, ona görə belə bir tövsiyə verdik, çağırış etdik. İki ildə 200 hektarda badam bağları salınıb. Əlbəttə ki, başlanğıc üçün bu, yaxşı göstəricidir, ancaq artmalıdır. Ölkəmizdə minlərlə hektarda badam bağları salınmalıdır, badam emalı fabriki tikilməlidir, paketləmə olmalıdır. Qısa müddət ərzində daxili bazarı təmin etməliyik, ixrac etməliyik", - deyə prezident bildirib.