Azərbaycanda qiymətli metalların hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining” şirkətinin 2020-ci ildə gəlirləri qiymətli metalların hazırkı qiymətlərində 100 mln. ABŞ dollarını ötəcək.
Eləcə də bax: "Qızılın bahalaşması "AzerGold”a əlavə - MƏNFƏƏT GƏTİRƏCƏK"
FED.az “report”a istinadən xəbər verir ki, bu barədə şirkətin açıqladığı proqnozlarda göstərilib.
Məlumata görə, cari ildə şirkətin istehsal gücü 75-80 min unsiya (qızıl ekvivalenti) arasında dəyişəcək. 2019-cu ildə isə bu rəqəm 81 399 unsiyaya bərabər olub.
Hər unsiyanın qiyməti qızıl üzrə 1 480 ABŞ dolları, gümüş üzrə 17 dollar proqnozlaşdırılır. Bundan əlavə misin isə hər tonu 5 700 ABŞ dolları olaraq götürülüb.
Bu il 65-67 min unsiya qızıl, 2 200-2 400 ton mis istehsalı proqnozlaşdırılır. 2019-cu ildə 70 098 unsiya qızıl, 2 210 ton mis istehsal edilib.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.