Azərbaycanda biznesə başlayan xanımların rastlaşdığı ən böyük problem ailədəki qısqanclıq və ailə üzvlərinin buna etirazıdır.
FED.az xəbər verir ki, bu barəə “Qadınların borclanma və lizinq məhsulları ilə təmin edilməsi üzrə maliyyə institutlarının fəaliyyətinin analizi”ndə bildirilir. Qeyd edək ki, adı çəkilən sənəd ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində hazırlanıb.
Qısqanclıq və ictimai qınaq biznesə mane olur
Hesabata əsasən, qadınların yarıdan çoxu (56,1%) sahibkarlıq fəaliyyətinə başladıqları zamanı hansı problemlə üzləşdikləri ilə bağlı suala cavabında birinci olaraq ailə etirazını göstəriblər.
Qadınlar ikinci əsas problem kimi maliyyə çatışmazlığını qeyd ediblər. Rəyi soruşulanların 36,1%-ni bu problemi göstəriblər.
Bizneslə bağlı xüsusi biliklərin olmaması isə qadınlara 7,6%hallarda mane olur. 0,2% qadın isə ictima qınaqdan şikayətlənib.
Qrafik 1. Qadınların sahibkarlıq fəaliyyətinə başladıqları zaman üzləşdikləri çətinliklər
Pulu dost-tanışdan tapanlar da var
“Son ildə hansı çətinliklə daha tez-tez üzləşirsiniz?” sualına respondentlər (33,6%) əsas problem kimi maliyyə çatışmazlığını qeyd ediblər.
Sorğu nəticələrindən məlum olur ki, respondentlərin 84,6%-i biznesiniz üçün maliyyə vəsaiti tələb olunanda bir qayda olaraq banklara üz tuturlar. Rəyi soruşulanların 13,8%-i maliyyə üçün dost-tanışa müraciət etdikləri halda, cəmi 1,6%-i öz imkanları hesabına həll etməyə üstünlük verirlər.
Qrafik 2. Biznes üçün tələb olunan maliyyə vəsaitinin cəlb edildiyi mənbə
«Kredit faizləri çox yüksəkdir, zamin və çoxlu sənəd istəyirlər»
Qadın sahibkarların kredit resurslarına əlçatanlığını qiymətləndirmək üçün Sorğuya bankların şərtlərinin onları nə dərəcədə qane etmələri barədə də sual daxil edilib. Cavab variantlarından aydın olur ki, respondentləri qane etməyən əsas şərt kreditlərin illik faiz dərəcələrinin yüksək olmasıdır (71,2%). Bundan başqa sorğuda iştirak edən qadın sahibkarların 15,4%-i sərt şərt qismində zaminliyin tələb olunmasını (15,4%) və çoxlu sənədlərin tələb olunmasını (8,5%) qeyd ediblər.
Qrafik 3. Bankların təklif etdiyi kreditlərin şərtlərinin qaneedicilik səviyyəsi
«Fonddan pul almaq mümkün deyil»
Qadın sahibkarların dövlətin güzəştli maliyyələşmə mexanzmindən istifadə səviyyəsi qiymətləndirmək üçün Sahibkarlığın İnkişafı Fonduna kredit üçün müraciət etməklə bağlı sual verilib. Cavablardan aydın olur ki, respondentlərin cəmisi 1,2%-i Fonda müraciət edib. Rəyi soruşulanların 62,8%-i Fonda müraciət etmədiyini, 36%-i isə belə qurumun varlığından ümumiyyətlə xəbərsiz olduqlarını bildiriblər.
Qrafik 4. Sahibkarlığın İnkişafı Fonduna kredit üçün müraciət təcrübəsi
Fonda müraciət edənlər üzləşdikləri çətinliklər qismində sənədləşmənin çoxluğunu (83,3%) və tələb olunan qədər vəsait ala bilmədiklərini (16,7%) göstəriblər.
Azərbaycanda qadınların biznes qurmasına - QISQANCLIQ MANE OLUR
18:02
10 İyul 2019