Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Zoom online platforması vasitəsiylə 25 noyabr 2020-ci il tarixində “Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” III forumu keçirilib.
FED.az xəbər verir ki, forumda açılış nitqi ilə çıxış edən Assosiasiyanın İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib ki, əslində forumun məqsədi gəncləri sahibkarlığa təşviq etməkdir. Bununla yanaşı, forum QHT-lər, universitetlər, sahibkarlar, sərmayəçilər, özəl sektor, media və dövlət qurumları da daxil olmaqla ekosistemdə fəaliyyət göstərən bir çox maraqlı tərəfləri eyni bir platformada birləşdirir.
Səkinə Babayeva, 2020-ci ildə dünyada yayılmış COVİD 19 pandemiyası və müharibə şəraitinə baxmayaraq qadın sahibkarlığın həm Bakıda həm də digər regionlarda inkişafı üçün bir çox maarifləndirici online görüşlərin, təlimlərin, qrant layihələrin həyata keçirildiyini bildirdi.
Daha sonra tədbiri İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının prezidenti (ASK) Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qadın sahibkarlığın inkişafı ilə bağlı ölkəmizdə görülən işlərin əhəmiyyətini vurğulayıblar.
Forumda Türkiyə, Rusiya, İran, Adıgey, Özbəkistan, Latviya, Moldova, Livan, Əlcəzair kimi bir çox ölkələrdən olan çıxışçılar qadın sahibkarlığı sahəsində dünyanın müxtəlif ölkələrində baş vermiş yeniliklər və uğurlu layihələr haqqında öz təcrübələrini iştirakçılarla paylaşdı.
Forumun sonunda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən icra olunmuş fəaliyyətlə bağlı video nümayiş olundu.