İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın yanvar sayı açıqlanıb.
FED.az xəbər verir ki, “İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-dekabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
Həmin siyahıda diqqəti çəkən əsas məqam 2023-cü il üzrə qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı suyektlərinin reytinqində iki fiziki şəxsin də yer almasıdır.
Onlardan biri Şirinov Elvin Valeh oğlu uzun müddət reytinqdə liderliyini qoruyub saxlayıb. Təkcə 2023-cü ilin 12 ayı ərzində o xarici ölkələrə 128,2 milyon dollarlıq məhsul ixrac edib. Pomidor ixracı ilə məşğul olan Şirinov Elvin Valeh oğlunun gəlirləri illik müqayisədə 81,1 milyon dollar və ya 2,7 dəfə artıb. 2022-ci ilin yanvar-dekabr aylarında 47,1 milyon dollarlıq məhsul ixrac etmişdi.
Reytinqə başqa bir fiziki şəxsin - Muradova Sahibə Səlimət qızının 9-cu yeri tutması da diqqəti cəlb edir. Onun adı 2023-cü ilin yanvar-oktyabr aylarınadək reytinqlərdə olmayıb. Muradova Sahibə 31,4 milyon dollarlıq (53,4 milyon manat) ixracı ilə reytinqində 9-cu yeri tutub. Bundan başqa reytinq siyahısına daxil olduğu yanvar-noyabr aylarında onun ixrac etdiyi məhsulların dəyəri 26,4 milyon dollar (44,9 milyon manat) təşkil edib.