Bu il mayın 31-nə qədər Azərbaycanda dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində 1 026 müraciət üzrə 258,3 milyon manat kreditə 149,7 milyon manat məbləğində dövlət zəmanəti verilib.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan məlumat verilib.
Məlumata görə, mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizmi üzrə isə kredit qalığı 819,2 milyon manat olan 4 497 müraciətə 57 milyon manat faiz subsidiyasının verilməsi barədə müsbət qərar qəbul edilib və artıq 49,3 milyon manat subsidiya ödənişi həyata keçirilib.
Sahibkarların dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə müraciətləri Elektron Kredit Platforması üzərindən qəbul olunur. Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması məqsədilə Fond tərəfindən xidmətlərin tam elektronlaşdırılması istiqamətində tədbirlər görülür. (Report)