Pandemiya dövrü olmasına baxmayaraq 2020-ci ildə Azərbaycanda mətbuat vasitəsilə yayılan reklamın həcmi artıb.
Eləcə də bax: Azərbaycanda hansı reklamlar daha çox diqqəti çəkir? – ARAŞDIRMA, SİYAHI
FED.az xəbər verir ki, 2020-ci ildə ölkə KİV-lərində 11 milyon 843 min manatlıq reklam yayımlanıb, bu 2019-cu ildəki göstərici ilə müqayisədə 100 min manat və ya 1%-ə yaxın artıqdır (2019-da 11 733 min manatlıq reklam yayılmışdı).
Ümumiyyətlə 2015 və 2016-cı ildə reklam bazarının çökməsindən sonra ölkə KİV-lərində reklamların həcmi ardıcıl 3 ildir ki, artmaqdadır. Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda KİV-lərə verilən reklamların həcmi 26 milyon manata çatmışdı.
Amma devalvasiya və iqtisadi aktivliyin azalması nəticəsində 2016-cı ildə bu rəqəm 2,4 dəfə azalaraq 10,9 milyon manata düşüb. 2017-ci ildə isə reklam bazarı yenidən ikiqat kiçilərək 4,7 milyon manat olub.
2018-ci ildə KİV-lərdə reklam bazarı 7,7 milyon manat, 2019-da 11,7 milyon manat, 2020-ci ildə isə 11,8 milyon manat təşkil edib.
KİV-lərdə yayılan reklamların böyük hissəsi ənənəvi olaraq teleradio proqramların payına düşüb – 2020-ci ildə bu məbləğ 10,5 milyon manat və ya KİV-lərdəki bütün reklam büdcəsinin 89%-ni təşkil edib.
Teleradio reklamlarının həcmi də ümumi reklam büdcəsində olduğu kimi dəyişib. 2015-ci ildə televiziya və radiolara 22,9 milyon manat, 2016-cı ildə 10,9 milyon manat, 2017-ci ildə 4,1 milyon manat, 2018-ci ildə 7,3 milyon manat, 2019-cu ildə isə 7,7 milyon manatlıq reklam verilib.