Azərbaycanda Marja ticarəti ilə məşğul olan investisiya şirkətləri üzrə tələblər müəyyən edilib.
FED.az xəbər verir ki, bu tələblər Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təsdiqlədiyi «Marja ticarətinə dair Qaydalar»da əksini tapıb.
Eləcə də bax: Büdcədəki əlavə xərclər - İNVESTİSİYA QOYULUŞUNA YÖNLƏNDİRİLƏCƏK
Qeyd edək ki, marja ticarəti dedikdə investora baza aktivi və ya bu baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə alınıb sonradan satılmasının təşkili üzrə investisiya xidməti nəzərdə tutuur.
Hazırda bu əməliyyatlar əsasən «Forex» bazarında aparılar.
Qaydalara görə Marja ticarətini təşkil edən investisiya şirkətləri aşağıdakı tələblərə cavab verməlidir:
- qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;
- marja ticarəti.
- müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi əməliyyatları üzrə xidmətlərin həyata keçirilməsi üzrə lisenziyaya malik olmalı;
- investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün Qanunla müəyyən edilmiş sayda əməkdaşı ixtisas şəhadətnaməsinə malik olmalı;
- ləğv və ya müflisləşmə prosesində olmamalı;
- mərkəzi depozitarın və klirinq təşkilatının üzvü olmalı;
- xarici fond birjasında marja ticarəti xidmətini göstərən investisiya şirkəti, həmin fond birjasına üzv olmalı və ya həmin fond birjasına üzv olan investisiya şirkəti ilə müqaviləsi olmalı;
- bazarda olan ani qiymət dəyişikliklərini nəzərə alaraq müştəri hesabı üzrə risklərə nəzarət etməyə, marja təminatlarını hesablamağa və yaranmış risklərə qarşı müştəriləri məlumatlandırmağa imkan verən müvafiq sistemlərə (proqram təminatına) malik olmalı;
- marja ticarətinin həyata keçirilməsinə dair daxili qaydalara malik olmalıdır.
- İnvestisiya şirkətinin marja ticarətinin həyata keçirilməsi üzrə daxili qaydalarında ən azı aşağıdakı müddəalar əks olunur:
1. girov və marja tələbləri, həmçinin mövqe üzrə limitlər;
2. investisiya şirkəti tərəfindən müştərilərinin maksimum maliyyələşmə həddi (olduqda);
3. marja ticarətinin aparılması üzrə şərtlər;
4. marja ticarəti üzrə sənədlərin (məlumatların) saxlanılma qaydası və müddəti;
5. marja ticarəti üzrə ödənilən xidmət haqları və digər xərclərin hesablanması;
6. marja ticarəti üçün istifadə olunan vəsaitlərin uçotunun aparılması;
7. maraqlar münaqişəsi hallarının qarşısının alınması;
8. marja ticarəti ilə əlaqəli risklərin idarə edilməsi;
9. marja ticarəti xidmətini göstərən əməkdaşların hüquq və vəzifələri;
10. marja ticarəti ilə bağlı investisiya şirkəti tərəfindən müştərilərə məlumatların verilməsi üsulları;
11. investisiya şirkətində informasiya texnologiyaları üzrə təhlükəsizlik və nəzarət qaydaları.
12. istifadəçilərin və sistem inzibatçılarının sistemdə uçotunun yaradılması, dəyişdirilməsi və ləğv edilməsi, həmçinin onların informasiya sistemlərinə daxilolma qaydaları.
- İnvestisiya şirkəti müştərilərini marja ticarəti ilə bağlı risklər barədə məlumatlandırır.
- Maraqlar münaqişəsinin qarşısının alınması məqsədilə investisiya şirkəti marja ticarəti xidməti göstərdiyi müştərisinə həmin xidmət üzrə investisiya məsləhətlərinin verilməsi xidmətini göstərə bilməz.
- İnvestisiya şirkəti bu Qaydaların 7.2-ci və 7.3-cü bəndlərində göstərilən hədlər nəzərə alınaraq müştərisi ilə bağlanılan müqavilə ilə müəyyən etdiyi kredit həddindən əlavə hər hansı bir şəkildə borc və ya həvəsləndirici bonuslar verə bilməz. (İnvestisiya şirkətinin fərq müqaviləsi üzrə müştərilərinə təqdim etdiyi kredit həddinin maksimum həcmi 1:30 nisbəti ilə müəyyən edilir. İnstitutsional investorlara və peşəkar investorlara investisiya şirkəti tərəfindən 1:50 nisbətinə kimi kredit həddi müəyyən edilə bilər).
- İnvestisiya şirkəti müəyyən etdiyi xidmət haqları barədə məlumatı və onların hesablanması qaydasını müştərilərlə bağladığı müqavilədə, habelə öz rəsmi internet səhifəsində göstərir.
- Müqavilədə investisiya şirkəti tərəfindən xidmət haqlarının birtərəfli qaydada dəyişdirilməsi nəzərdə tutulduqda, dəyişiklik barədə investisiya şirkəti tərəfindən qəbul olunmuş qərarın tətbiq edilməsindən ən azı 15 (on beş) təqvim günü əvvəl müştərilərə bu barədə məlumat verilir.
- Marja ticarəti xidməti göstərən investisiya şirkəti bu xidmət üzrə müştəri vəsaitlərini yalnız Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bankda ayrıca hesabda saxlayır.
- İnvestisiya şirkəti müştəridən marja ticarəti məqsədilə aldığı pul vəsaitlərini digər müştərilərinin və ya öz məqsədləri üçün istifadə edə bilməz.
- İnvestisiya şirkəti marja ticarəti üçün istifadə olunan pul vəsaitlərin axınını, mənbəyini və əsasını əks etdirən uçotu gündəlik olaraq aparır.
- İnvestisiya şirkəti tərəfindən bir müştəriyə qiymətli kağızlarla marja ticarəti üzrə təqdim olunan vəsait, həmin investisiya şirkətinin bütün müştərilərinə təqdim etdiyi vəsaitlərin ümumi həcminin 20 (iyirmi) faizindən çox (müştərilərin sayı 10-dan az olmamaq şərti ilə) ola bilməz.
- Marja ticarəti xidmətini göstərən investisiya şirkəti ticarət şərtlərindən asılı olmayaraq müştərilərinə qarşı ədalətli və dürüst davranmalı, müştərilərlə aralarında baş verə biləcək maraqlar münaqişəsi ilə bağlı onları məlumatlandırmalı və müştərilərini maliyyə itkilərinə məruz qoya biləcək əməliyyatlara sövq etməməlidir.