Azərbaycanda lotereyadan kim daha çox faydalanır – lotereya oyunlarının təşkilatçısı «Azərlotereya», bu oyunda iştirak edən istehlakçılar, lotereya sisteminin iştirakçıları, yoxsa dövlət?
“Azərlotereya” 2023-cü il üçün - 63.2 MİLYON MANAT VERGİ ÖDƏYİB
Məlumat verildiyi kimi, Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru olan «Azərlotereya»nın 2023-cü ildəki fəaliyyətinin maliyyə nəticələri açıqlanıb.
FED.az-ın məlumatına görə, 2023-cü ildə “Azərlotereya”nın satışdan gəlirləri 261 milyon manat təşkil edib, şirkət 2023-cü ilə aid 63,2 milyon manat vergi ödəyib və bütün xərcləri çıxdıqdan sonra 35,8 milyon manat mənfəət əldə edib. Əksər göstəricələrdə, o cümlədən satış həcmi, dövlətə ödənilən vergi və sair rəqəmlərdə artım müşahidə edilir.
2023-cü ildə lotereyadan istifadə çoxalıb, uduşlar da artıb
Amma lotereyanın və mərci oyunlarının ölkə iqtisadiyyatında tutduğu yeri, ekosistemi və əhalinin gəlirlərinə təsirini daha obyektiv qiymətləndirmək üçün məsələyə bir qədər geniş baxmaq lazımdır.
Göründüyü kimi, idarəçi şirkətin xalis mənfəəti yuxarıda qeyd edildiyi kimi, 35,8 milyon manat və ya ümumi satışdan gəlirlərin cəmi 13-14%-ni təşkil edir. Digər vəsait müxtəlif xərclərə sərf edilib.
Beləliklə, 2023-cü ildə «Azərlotereya»nın xətti ilə əldə edilən 261 milyon manatlıq satış gəlirlərindən 99 milyon manatı vergilərə (yəni dövlətə) və xalis mənfəətə (yəni təşkilatçının qazancı olaraq) sərf edilib.
Lotereya sektoru beynəlxalq standartla işləyir
Qeyd edək ki, dövlət şirkəti olan «Azərlotereya» ASC Azərbaycan prezidenti İlham Əliyevin 2021-ci ilin əvvəlində imzaladığı sərəncamla Türkiyənin «Demirören Şans Oyunları Yatırımları A.Ş.» şirkətinin törəmə cəmiyyəti olan «YMT Sans B.V.» şirkətinə idarəetməyə verilib.
2021-ci ilin fevralında İqtisadiyyat Nazirliyi ilə «Azərlotereya» ASC-nin Türkiyənin «Demirören Holding» şirkətinə idarəetməyə verilməsinə dair müqavilə imzalanıb. 2022-ci ilin əvvəlində yeni «Lotereya və idman mərc oyunları haqqında» qanunun qüvvəyə minməsi ilə isə «Azərlotereya» Azərbaycanda idman mərc oyunları operatoru statusu qazanıb.
2021-ci ildən başlayaraq «Azərlotereya» yeni lotereya növlərini təqdim edib. İndiyədək yeni «Poz-Qazan» biletləri, ani və tirajlı lotereyalar, «Virtual lotereya» (virtual idman və virtual ani) oyunları təqdim olunub.
Eləcə də idman mərc oyunları üzrə «Misli» brendi təqdim edilib, eyni adlı mobil tətbiq istifadəyə verilib və «Misli» məntəqələri fəaliyyətə başlayıb.
Ötən il minlərlə insan lotereya biznesindən faydalanıb
Şirkətin 2023-cü il üzrə hesabatından aydın olur ki, satışdan əldə edilən gəlirlərin təqribən 3-də biri satıcı, distribusiya və çap xərclərinə sərf edilir. İlk baxışdan bu maddə diqqəti çəkməsə də, hazırda lotereya oyunlarının distribusiyası və satışı prosesinə çoxsayılı kiçik sahibkar və sadə vətəndaşlar cəlb edilib.
Hazırda Bakıda və ölkənin regionlarında «Azərlotereya»nın məhsullarının satışı ilə məşğul olan şəbəkələrdə minlərdə insan çalışır, onlarla yanaşı ailələri də bu prosesdən faydalanırlar.
2023-cü ildə «Azərlotereya»nın inzibati xərcləri təqribən 50% artaraq 21,3 milyon manat təşkil edib, bu vəsaitlər əmək haqqı, icarə və sair xərclər olmaqla, birbaşa ölkə iqtisadiyyatına və işçilərə yatırılan vəsaitlərdir.
Son iki ildə büdcəyə 120 milyon manat vergi ödənilib
Bu rəqəmlərə «Azərlotereya»nın tam gücü ilə fəaliyyət göstərdiyi 2022-2023-cü illər prizmasından baxdıqda, lotereya sisteminin iqtisadiyyata faydası ikiqat artıqdır.
Belə ki, «Azərlotereya»nın tam gücü ilə fəaliyyətə başladığı son iki ildə – 2022-2023-də lotereya üzrə satışdan gəlirləri ümumilikdə 520 milyon manat təşkil edib. Bu dövrdə «Azərlotereya»nın satış, distribusiya və çap xərclərinə 187 milyon manat, dövlət büdcəsinə vergilər şəklində 118 milyon manat, inzibati xərclərə 35 milyon manat, reklam və marketinq xərclərinə 26 milyon manat sərf edilib. Digər əməliyyat xərcləri isə 54-55 milyon manat təşkil edib. Uduş fondunda da öncəki illə müqayisədə 21 faiz artım olub.
Başqa sözlə, lotereya eko sistemindən təkcə ənənəvi tərəflər – «Azərlotereya», dövlət və lotereyada qalib gələn insanlar qazanmır. Bu prosesdən sistemin görünməyən iştirakçıları, o cümlədən burada müxtəlif xidmətlərə və tərəfdaşlığa cəlb edilən şəxslər də faydalanır.
İqtisadçıların fikrincə, dövlət şirkəti olan «Azərlotereya» ASC-nin «Demirören Holding» şirkətinə idarəetməyə verilməsinən sonra bütün dünyada ciddi biznes sayılan lotereya sektoru Azərbaycanda da beynəlxalq standartlarla inkişaf etməyə və ölkə iqtisadiyyatına real fayda gətirməyə başlayıb.
İqtisadçı ekspert: “Lotereya oyunları dünyanın əksər ölkələrində təşkil edilir”
İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, lotereya oyunları dünyanın əksər ölkələrində təşkil edilir: «Ümumiyyətlə, lotereya oyunları, bir neçə istisna olmaqla, dünyanın əksər böyük ölkələrində təşkil edilir. Bu sahədə Azərbaycan da istisna ola bilməz. Ümumiyyətlə, lotereya sahəsinə, o cümlədən «Azərlotereya»nın fəaliyyətinə münasibətim birmənalı olaraq müsbətdir».
Millət vəkili: «Azərlotereya» qeyri-neft sektorunda ən iri vergi ödəyicilərindəndir»
Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun sözlərinə görə, Azərbaycanda idman-mərc oyunlarına maraq günü-gündən artmaqdadır və insanlar davamlı olaraq bu oyun növündən istifadə edirlər.
«Ölkəmizdə müvafiq qanunvericilik aktları ilə tənzimlənən idman-mərc oyunları “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Qanunlarla müəyyən edilib və idmanın inkişafına və iqtisadiyata töhfə vermək məqsədi daşıyır. Eyni zamanda, bu sahədə yüzlərlə insan çalışır və məşğulluğu təmin olunur».
Millət vəkili qeyd edib ki, lotereyaların və idman mərc oyunlarının keçirilməsindən əldə edilən gəlir həm də dövlət büdcəsinə vergilər şəklində daxil olaraq və əhəmiyyətli fiskal rol oynayır: «Ölkəmizdə bu oyunların əsas təşkilatçısı olan “Azərlotereya” 2023-cü il üçün 63.2 milyon vergi ödəyib ki, bu rəqəm 2022-ci illə müqayisədə 9 milyon manat çoxdur. Bu, şirkətin qeyri-neft sektorunda fəaliyyət göstərən qurumlar arasında ən iri vergi ödəyicilərindən biri olmasını göstərir».
Millət vəkili uduş fondunun artımını xüsusi qeyd edib: «Ötən il lotereya iştirakçıları üçün ayrılmış uduş fondu 2022-ci illə müqayisədə 21 faiz artıb. Eyni zamanda 2023-cü ildə şirkət 6,8 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 23,5 milyon manatdan 30,3 milyon manata yüksəldib.
A.Hüseynov bildirib ki, bu fəaliyyət sahəsində səmərəliliyin artırılması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində qeyd edilən sahənin inkişafı üçün investisiyaların və yeni texnologiyaların cəlb edilməsi məqsədilə “Azərlotereya”-nın idaretməyə verilməsi idman mərc oyunlarının təşkili və keçirilməsi, vergitutma və digər maliyyə sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Bütün bunlardan başqa, “Azərlotereya”nın korporativ sosial layihələrə dəstək olması da göz önündədir. Şirkət “Hər şey Qarabağ üçün” layihəsilə ilə işğaldan azad edilmiş ərazilərimizin yenidən dirçəldilməsi yolunda görülən işlərə böyük töhfə verir. “Əmanətə sədaqət” layihəsi əsasında 100-dən çox şəhid ailə üzvünün təhsil və yaşam xərcləri qarşılanır.
Həmçinin şirkətin ölkədə idmanın inkişafına, xüsusilə futbola dəstəyi danılmazdır. Son iki mövsümdür ki, “Misli” Azərbaycan Premyer Liqasının əsas sponsorudur. “Misli” həm də kişilərdən ibarət A milli komandanın rəsmi sponsorudur.
Elm və təhsilin inkişafına önəm verən “Azərlotereya” bu istiqamətdə də çox sayda layihələrə imza atıb. Onlardan “Brain Game” hakatonu, “Peşəkar İntellekt Liqası” kimi layihələri misal çəkmək olar. Şirkət UNEC-lə əməkdaşlıq əsasında fərqli sahələr üzrə tədrisə dair müxtəlif dillərdə kitabların alınmasını həyata keçirərək universitet kitabxanasına böyük töhfə verib. Təbii ki, bunlar icra edilən layihələrin bir qismidir. Şirkət bundan sonra da ölkəmizin inkişafı naminə sosial layihələrə dəstək olacaq.