Azərbaycanda lizinq şirkəti “Hermes Finance” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının strukturunda dəyişiklik baş verib.
FED.az xəbər verir ki, 2024-cü ilin sonunda "Hermes Fiance"nin səhmlərinin 50%-nə sahib olan nəzarətçi səhmdar Sadıq Səbinə Namiq qızı və 28.33% paya malik olan digər iri səhmdar Cəfərov Ravan Əsəd oğlu şirkətdəki bütün paylarını sataraq səhmdarlar sırasından tamamilə ayrılıblar. Beləliklə, şirkətin təxminən 79%-nə nəzarət edən köhnə idarəedici qrup fəaliyyətinə son qoyub.
2025-ci ilin iyun ayına olan vəziyyətə görə şirkətdə tamamilə yeni bir güc mərkəzi formalaşıb. Şirkətə yeni daxil olan Quliyev Kamran Vaqif oğlu dərhal 45% (1350 səhm) pay əldə edərək əsas idarəedici şəriklərdən birinə çevrilib.
Ən maraqlı dəyişiklik isə əvvəllər cəmi 21.67% paya malik olan Mehrəliyeva Rzayeva Nurana Ramiz qızının mövqeyində baş verib. O, öz payını iki dəfədən çox artıraraq 45%-ə (1350 səhm) çatdırıb və şirkətin ikinci bərabərhüquqlu idarəedici ortağı olub.
Onlarla yanaşı, şirkətə daha bir yeni səhmdar – Mirzəyev Həmid Mövsüm oğlu – daxil olub və o, səhmlərin 10%-nə (300 səhm) sahiblənib.