Azərbaycanda kreditlərin yeni üsulla verilməsinə başlanılıb.
FED.az xəbər verir ki, «Centron Home» mağazalar şəbəkəsi ölkə tarixində ilk dəfə video zənglə elektronika məişət əşyalarının kreditləşməsini həyata keçirilməsinə start verib.
Bu haqda şirkətin Baş direktoru Yusif İbadlı məlumat verib: «Koronavirus pandemiyasını nəzərə alaraq müştərilərimizi bu virusdan qorumaq məqsədiylə Video zənglə kredit rəsmiləşməsinə start vermişik. Bu zaman hər hansı bir bankın vasitəçiliyi olmadan birbaşa müştəri və şirkətin kredit mütəxəssisinin iştirakı ilə daxili kredit verilir”.
Şirkət rəsmisinin məlumatına görə, artıq bu xidmətlə satışlarda böyük irəliləyişlər var: “Bununla da biz təmassız xidmətimizlə həm müştərilərimizi, həm də çalışanlarımızı koronavirus təhlükəsindən qorumuş olacağıq. Gələcəkdə İKT resursları hesabına bu xidmətimizi daha da genişləndirməyi düşünürük”.
Şirkətdən FED.az-a verilən məlumata görə, kredit istəyən müştəri ilə «WhatsApp»dan video zənglə əlaqə saxlanılır və danışıq müddətində onun kredit qabiliyyəti və kredit tarixçəsi müəyyən edilir: «Müştərinin ailə vəziyyəti, iş yeri, gəlirləri, xərcləri barədə geniş məlumat alırıq. Rəsmi işi olanlar bu barədə elektron sistemdən çıxarışı (iş yeri barədə elektron arayışı) da təqdim edirlər. Əlavə gəlirləri olanlar bununla bağlı məlumatları – məsələn, bank hesablarından çıxarışı təqdim edirlər. Bu zaman Kredit reyestrinə müraciət etməyə ehtiyac qalmır. Bundan başqa müştəri ilə danışıq zamanı onun ailə məişət şəraiti ilə bağlı məlumat da alınır».
Danışıq nəticəsində kredit verilməsi qərara alınarsa, məhsul müştərinin evinə göndərilir və kuryer eyni zamanda kredit müqaviləsini də müştəriyə çatdıraraq ona imzalatdırır.
Şirkətdən FED.az-a bildirilib ki, yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza funksiyası var və gələcəkdə məsafədən kreditləşmədə onun imkanlarından da istifadə ediləcək.