Azərbaycanda kreativ sənayesi sahəsində fəaliyyət göstərən şəxslərlə işin düzgün təşkil edilməsi məqsədilə kreativ sahibkarların reyestrinin yaradılmasını təklif olunub.
Eləcə də bax: "KOBİA Azərbaycana xarici biznesin cəlb olunmasında maraqlıdır"
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu təklif "Yaradıcı sənayedə çağırışlar və biznes imkanları" mövzusunda keçirilən ictimai müzakirələrdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov tərəfindən irəli sürülüb.
Onun sözlərinə görə, müxtəlif sahəvi və həssas qrupları birləşdirən assosiasiyalar tərəfindən çoxsaylı işlər görülür.
"Burada çalışanların bir reyestr üzərindən birləşdirilməsi inklüzivliyin artırılmasına və aparılan işlərin sinerji effektinin yaranmasına zəmin yaradar. Yaradıcı sənayelər turizm imkanlarının genişlənməsini şərtləndirən faktor kimi qəbul edilə bilər. Kreativ biznesin daha çox şəhərlərin inkişafına təkan verdiyini və ölkəmizin zəngin ənənələrini nəzərə alsaq yaradıcı turizm istiqamətinin genişlənməsini təklif etmək olar. Aqroturizm prinsiplərinə uyğun olaraq regionlarda fəaliyyət göstərən emalatxanaları, ailə müəssisələrini əlavə olaraq qonaqlama tipli obyektlərə uyğunlaşdırmaq olar", - deyə O. Məmmədov qeyd edib.
KOBİA-nın sədri həmçinin qeyd edib ki, klasterləşməyə dəstək vermək istiqamətində "kreativ klaster"lərin yaradılması məqsədəuyğun olardı: "Bu tip strukturlar Bakı şəhərində çox az sayda fəaliyyət göstərir. Təklif edirik bu məqsədlə Mədəniyyət Nazirliyinin regionlarda olan tikililərindən istifadə qaydaları müəyyən edilsin. Müxtəlif araşdırmalar göstərir ki, kreativ məkanlar şəhərlərin canlanmasına təkan verir, bölgələrin müsbət imicini formalaşdırır, sənaye zonalarını mədəniyyət mərkəzlərinə çevirir, biznes və turistlər üçün cəlbediciliyi artırır".
O. Məmmədovun sözlərinə görə, bu sahədə ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını stimullaşdıran yeni ekosistemin qurulması sürətləndirilməlidir.
"Müxtəlif təşviqlərin, inkubasiya mərkəzlərinin, dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə modellərinin yaradılması istiqamətində görülən işlər keyfiyyətcə yeni, çağırışlara uyğun səmtdə davam etdirilməlidir. Bu mənada Vergilər Məcəlləsində nəzərdə tutulan qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə 2021-ci il yanvarın 1-dən 3 il müddətinə idxal olunan bir sıra məmulatlar üzrə vergidən azadolmalar müsbət hal kimi qiymətləndirilə bilər", - deyə O. Məmmədov bildirib.