"Sosial bağlar" layihəsi üçün seçilən ailələrə 1,2 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur".
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Anar Əliyev deyib.
O bildirib ki, bu vəsaitlə layihə çərçivəsində seçilən 125 ailə üçün müvafiq aktivlər və avadanlıqlar alınacaq: "Bununla iş bilməyəcək. Mütəmadi olaraq ailələrə məsləhət xidmətləri göstəriləcək. Bağlara aqrotexniki qulluq ilə əlaqədar bütün tədbirlər görüləcək. İstehsal olunacaq məhsulların marketinqi, satışı, logistikası ilə bağlı da kompleks tədbirlər görüləcək".
Aparat rəhbərinin sözlərinə görə, sosial bağlar əsasən regionlarda salınacaq.
Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandum çərçivəsində regionlarda 125 ailə üçün intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Həmin ailələr üçün qeyd olunan təsərrüfatlar yaradılmaqla yanaşı, "Regional İnkişaf" İB tərəfindən onlara aqrotexnik qulluq, təlimləndirmə logistika və hazır məhsulun marketinqinin təşkilində, ailələrin bu təsərrüfatlardan əldə edəcəkləri gəlirlərin istehsalın inkişafına yönəltmələri üzrə onlara təkliflərin verilməsində və digər istiqamətlərdə dəstək göstəriləcək.