Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) iş adamlarının bilik və bacarıqlarının artırılması məqsədilə ilk dəfə olaraq yeni təlim metodundan istifadə edib.
Eləcə də bax: Azərbaycan iş adamları Avro-2020-nin oyunlarından - BELƏ PUL QAZANACAQLAR
FED.az xəbər verir ki, 2015-ci ildən etibarən Rusiyada keçirilən və indiyədək 3 mindən çox sahibkar və menecerin yararlandığı "Zavod" komanda-biznes oyunu bu dəfə KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarları üçün təşkil olunub.
Bu məqsədlə fevralın 24-də Bakı Olimpiya Stadionunda KOBİA-nın təşkilatçılığı, dövlət qurumlarının, sahibkar və menecerlərin, iqtisadiyyat və idarəetmə sahəsində təhsil alan tələbələrin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Rusiyanın "Opora Rossii" təşkilatının vitse-prezidenti Eduard Omarov biznes oyununun sahibkarlar üçün əhəmiyyəti barədə məlumat veriblər.
Biznes oyun ilk dəfədir ki, Rusiyadan kənarda - Azərbaycanda təşkil olunub. “Zavod” biznes-oyununun məqsədi sahibkarların biliklərinin artırılması ilə yanaşı, komanda işini inkişaf etdirməkdir.
Biznes-oyun real sənaye müəssisəsinin iş prosesini simulyasiya edir. Biznes-oyunun Bakı ilə yanaşı, ölkə regionlarında fəaliyyət göstərən sahibkarlar arasında da təşkili nəzərdə tutulur.
Sonra iştirakçılara oyunun qaydaları barədə ətraflı məlumat verilib və 100-dən çox iştirakçıdan ibarət 5 komanda yaradılıb. 80 biznes prosesi üzrə sənaye müəssisəsinin işinin praktik şəkildə simulyasiya edildiyi "Zavod" biznes-oyununun qalibləri mükafatlandırılıb.
Tədbir çərçivəsində Rusiyanın "Opora Rossii" təşkilatının viste-prezidenti Eduard Omarov tərəfindən iştirakçılar üçün biznesin qurulması və inkişafı mövzusunda master klass keçirilib.