Azərbaycanda son 2 ayda illik inflyasiya 2,7 faizdən 3,3 faizə qalxıb.
FED.az xəbər verir ki, 2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7 faiz bahalaşmışdır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Eləcə də bax: Bazarstore» marketlərinin sayı 51 oldu – «SAKİNLƏR ÖZLƏRİ XAHİŞ EDİRLƏR»
Xatırladaq ki, 2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,0 faiz bahalaşmışdı.
2019-cu ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,2 faiz bahalaşmışdı.
Cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8 faiz ucuzlaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalmışdır.
Ay ərzində pasterizə olunmamış üzlü südün, qarğıdalı yağının, limonun, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpız və yemişin, üzümün, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, quru noxudun, mərcinin, arağın, energetik içkilərin qiymətlərində ucuzlaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, yoqurtun, xamanın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, zeytun və günəbaxan yağlarının, quru lobyanın, şəkər və şəkər tozunun, təbii balın, dondurmanın, çayın, mineral suların, kola içkisinin, limonadın, meyvə şirəsi və pivənin qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Cari ilin avqust ayında iyul ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmiri, təmizlənməsi və kirayəsi, tibbi və stomatoloji xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşmış, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşmışdır. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.