Tofiq Hidayətzadə “Velokuryer” təşəbbüsünün rəhbəridir. Artıq 5 ilə yaxındır fəaliyyət göstərən sosial biznes layihəsi ətrafa kifayət qədər səs salmış və yeniliklərə imza atmışdır.
İllər öncə velosipedə sonsuz həvəsi olan Tofiqin ailəsi onun bu nəqliyyat növü ilə əlaqəsinin olmasını istəmirdi.
Günlərin birində velosipedlə kuryer xidməti təklif edən və bunu həyat tərzi olaraq yaşayan işçilərin yer aldığı ''Təcili çatdırılma'' adlı film izləyir və bu film onu diqqətini çox cəlb edir. Yolları əksər hallarda tıxaclı və izdihamlı olan Bakını göz önünə gətirərək və bu işin səmərəliliyindən ilhamlanaraq, belə bir layihənin paytaxtımızda reallaşması üçün ilk cəhdlərə başlanılır.
Kiçik həvəskar velosipedçi komanda yığılır, lakin hər kəs gənc və təcrübəsiz olduğundan çox irəliləmək mümkün olmur. İlk cəhdi uğursuz olduğu üçün, müvəqqəti olaraq digər işlərlə məşğul olsa da bu ideya heç vaxt ağlından çıxmır və köhnə dostları toplayıb yenidən başlamaq istəyir. Təəssüf ki, ikinci cəhd də baş tutmur.
Bir müddət sonra Tofiq özünü təcrübə baxımından qismən təkmilləşdirərək daha tutarlı addımlar atılır. Layihə ideyasına olan böyük inamı sayəsində 2015-ci ilin yayındada heç bir yerdə işləmədiyi halda risk edib kreditə velosipedlər götürür və nəhayət, başlanan bu üçüncü cəhd öz töhfəsini verir.
Uğurlu səylərdən sonra, bununla yanaşı çətinliklər də baş qaldırır. Velosipedə qarşı olan ümümi münasibət, qəliblənmiş stereotiplərə görə bir il dayanmadan velokuryer xidmətini yerinə yetirəcək işçilər axtarılır.
Qanunvericiliyə əsasən, hərəkət istiqamətinin sağ tərəfi velosipedçilər üçün nəzərdə tutulduğu təqdirdə, parklanan maşınlara görə velosipedçilər yolun ortası ilə bəzən hərəkət etməyə məcbur qalırlar.
Zaman keçdikçə, velosipedin sadəcə idman deyil, həyat tərzinin bir parçası olduğunu insanlara aşılamaq, velosiped mədəniyyətini, düşüncəsini və eko-sistemini formalaşdırmaq layihənin təməl prinsipinə çevrilir.
Beləliklə, hər şeydən əvvəl, ilk öncə insanları maarifləndirmək lazım olduğu anlaşılır. Velosiped həyat tərzi, nəqliyyat növü, ekologiyanın təmizliyi və sağlam həyat deməkdir.
2018-ci ildə komanda tərəfindən hazırlanan maariflənmə xarakterli video çarx cəmi bir həftə ərzində sosial şəbəkələrdə 200.000 izlənmə sayını keçir.
Layihənin inkişaf yolunun bir hissəsi kimi kuryer xidməti ilə yanaşı, həm də insanların, turistlərin fəal istirahəti üçün keyfiyyətli velosipedlərin kirayəsi də təşkil edilməyə başlanır. Daha sonra, detalların satışı, velosipedlərin təmiri və təlimi xidməti ilə bu proses davam etdirilir.
Uşaqlıqdan ailədən gələn təzyiqlərə görə, velosiped sürməkdən uzaqlaşdırılan xanımlar da özlərini dərk etdikcə uşaqlıq arzularını reallaşdırmaq, sağlam həyat tərzi sürmək üçün təlimlərə yazılırlar. Bu prosesonu sevindirir və gördüyü iş onu daha da ruhlandırır. Hal-hazırda Tofiq Hidayətzadə komandası ilə birlikdə görülən işlərin operativliyini təmin etmək məqsədilə mobil tətbiq üzərində işləyir.
“Beləcə, sifarişləri elektron qaydada qəbul etməklə, vaxt itkisindən, istifadə edilən kağızlardan həm azad ola bilərik və bununla təbiətə cüzi də olsa töhfə verə bilərik” - deyərək Tofiq bəy bu cür innovativ mobil tətbiqlərin sosial həyatımıza nə qədər dəyər qatdığını vurğulayır.
Hazırlanan mobil tətbiq eyni zamanda insanların şəbəkəyə qoşularaq sərbəst, operativ şəkildə frilanser kimi işləməsinə şərait yaradacaq. Bununla da, fiziki məhdudiyyətli və ya təcrübəsiz olduğuna görə işə götürülməyən şəxslər, maddi baxımdan özünə dəstək üçün ikinci iş axtaranlar, həmçinin işləməklə bağlı çətinliklər yaşayan həssas qruplardan olan insanları cəlb etmək planlaşdırılır.
Hazırda tərəfdaşları içərisində, sosial sahibkarlıqla məşğul olan şirkətlərin də olduğunu fərəhlə qeyd edən Tofiq Hidayətzadə bildirir:
"İstərdik ki, ekoloji sosial məsuliyyəti anlayan, sosial sahibkarlığı dəyər verən şirkətlərlə əməkdaşlıq edək. Çünki, biz eyni mesajı çatdırırıq, eyni amal üçün çalışırıq, eyni məqsəd üçün vuruşuruq və BİRLIKDƏ daha GÜCLÜYÜK!"
Ərşad Məmmədov, Arzu Ismayılova
Education HUB
Yazı “Education HUB” Sosial Sahibkarlıq Proqramı çərçivəsində, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb və Avropa İttifaqının mövqeyini əks etdirmir. Məzmun Education HUB-a məxsusdur.