İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Diasporla İş üzrə Dövlət Komitəsi arasında anlaşma Memorandumu imzalanıb. İki dövlət qurumu arasında imzalanan anlaşma memorandumu Azərbaycanda ilk dəfə olaraq onlayn qaydada, mobil imza vasitəsi ilə həyata keçirilib.
FED.az xəbər verir ki, imzalanma mərasimindən öncə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbir iştirakçılarını salamlayıb.
Eləcə də bax: Azərbaycanda qəbul edilməsi gözlənilən islahatlar - “Doing Business 2020”
O bildirib ki, imzalanan memorandum xaricdə yaşayan azərbaycanlılarla əlaqələrinin gücləndirilməsi və ölkəmizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. “Memorandumun imzalanması Azərbaycanın elektron və mobil imzanın verilməsi, xaricdə yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan həmyerlilərimizin Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, “Made in Azerbaijan” brendinin xaricdə təbliğinə və tanıdılmasına dair səyləri birləşdirmək kimi məsələləri özündə ehtiva edir. Bu proses ölkə rəhbərinin apardığı siyasi kursun tərkib hissəsi olduğundan aktual və vacib məsələdir. Bütün bunlar həm də, Dövlət komitəsinin əsas hədəflərindən olan – soydaşlarımızın Azərbaycanla əlaqələrinin gücləndirilməsi məsələsindən irəli gələn bir zərurətdir.”
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisadi elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən Azərbaycan diaspor quruculuğunda elektron imzanın verilməsi ilə yeni səhifə açılır: “Tarixdə ilk dəfə diaspor nümayəndəsinə elektron imza verilməsi xaricdəki həmvətənlərimizin Azərbaycanla əlaqlərində pul köçürmələri, bank hesablarının açılması, sərmayə qoyuluşu, idxal-ixrac əməliyyatları, vergilərin ödənilməsində irəliyə doğru addımdır. Artıq xaricdəki soydaşlarımızın Azərbaycanla əlaqələri rəqəmsal müstəviyə keçməklə daha çevik və az resurs sərf etməklə reallaşacaq. Enterpriseazerbaijan.com portalında toplanan biznes layihələri və startapların xaricdən sərmayə cəlbi üçün yeni imkanlar açılacaq. Xaricdəki həmvətənlərimiz Azexport-un imkanlarından istifadə edərək ixracın genişlənməyində daha fəal cəlb olunacaqlar. E-rezidentlik xaricdəki soydaşlarımızın bir araya gətirilməsi və onların Azərbaycana bağlılığının artırılmasına öz töhfəsini verəcək.