Azərbaycanda ilin ən yaxşı qadın sahibkarının müəyyən edilməsi məqsədilə “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı, “Azər Türk Bank” ASC-nin əsas dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dövlət, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA), “WoWoman Azerbaijan” təşkilatının və Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən Yunus Sosial Biznes Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “WE2019” müsabiqəsinə müraciət mərhələsi artıq yekunlaşıb.
FED.az xəbər verir ki, “Youth Inc.” Sahibkarlıq Proqramından bildiriblər ki, yanvarın əvvəlində start götürən layihəyə respublika üzrə 16 yaşdan yuxarı 161 qadın müraciət edib. Müsabiqə qalibinin adı ikimərhələli seçim prosesindən sonra martın əvvəlində açıqlanacaq.
Müsabiqənin qalibi beynəlxalq sahibkarlıq və startap tədbirlərində iştirak etmək üçün səfər imkanı, “Youth Inc.” Biznes İnkubasiya Mərkəzində fəaliyyət və digər hədiyyələrlə təltif ediləcək.
Qeyd edək ki, 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin Əhali Fondu (UNFPA), Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və İsveçrə səfirliyi tərəfindən birgə aparılan araşdırmaya əsasən, Azərbaycanda 150 mindən çox qadın sahibkar var.