Azərbaycan İnsan Resursları Peşəkarları (AİRP) platforması mayın 5-də “AİRP 2018 İR” adlı konfrans və sərgi keçirəcək. FED.az xəbər verir ki, tədbirdə “Biznes biliyi və strateji insan resursları”, “İş qüvvəsinin planlaşdırılması”, “İşə qəbul”, “Öyrənmə və İnkişaf”, “Fəaliyyətin idarə edilməsi” və “Əməyin ödənilməsi (Mükafatlandırma)” mövzularına toxunulacaq.
5 əsas spikerin yer alacağı konfransda 3 fərqli səviyyə üzrə praktiki təlimlər (workshop) də həyata keçiriləcək. İştirakçıların mənimsəmə səviyyəsini yoxlamaq üçün onlara sms vasitəsilə testlər göndəriləcək və ən tez, eyni zamanda ən çox doğru cavab verən iştirakçılara hədiyyə veriləcək.
Tədbirdə “BP”-nin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə İnsan resursları nümayəndəsi Leyla Novruzova, “Azerconnect” şirkətinin İnsan resursları üzrə rəhbəri Mətanət Babayeva, “Bank Respublika”nın İnsan resursları departamentinin direktoru İlkin Zeynallı, “Socar”ın Təlim və inkişaf departamentinin direktoru Tural Məmmədov və başqaları təlimçi kimi iştirak edəcəklər.
Konfransda iştirak pulludur. Belə ki, yeni başlayanlar üçün erkən qeydiyyat 49 manat, 25 apreldən sonra olunan qeydiyyat üçün 59 manat, orta səviyyə üçün erkən qeydiyyat 69 manat, 25 apreldən sonra olunan qeydiyyat üçün 79 manat, yuxarı səviyyə üçün erkən qeydiyyat 89 manat, 25 apreldən sonra olunan qeydiyyat üçün isə 99 manatdır.
400 nəfərin iştirak edəcəyi bu konfransa qeydiyyat mayın 1-nə qədərdir.
Tədbirin sonunda iştirakçılara sertifikatlar veriləcək və AİRP platformasının müvafiq üzvlük növü üzrə 50% endirim təqdim olunacaq.
Tədbir Ağ şəhərdə yerləşən “Bakı Bulvar Hotel”də keçiriləcək. Təlimlər Azərbaycan dilində aparılacaq.
Bu konfransın təşkilatçısı olan Azərbaycan İnsan Resursları Peşəkarları (AİRP) 2 ilə yaxındır ki, Azərbaycanda insan resursları peşəsinin inkişafı və bu sahənin peşəkarlarının stimullaşdırılması məqsədi ilə fəaliyyət göstərən platformadır. Platformanın 200-ə yaxın üzvü var.
Azərbaycanda HR konfrans və sərgisi keçirləcək
13:39
14 Aprel 2018