Azərbaycanda şirkət yaratmadan sahibkarlıqla məşğul olan hər 5 sahibkardan biri qadınlardır.
Fed.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlara təbrikində bildirilir.
Agentlik bildirir ki, qadınların özəl sektorun inkişafında rolu, mikro və kiçik sahibkarlıq fəaliyyətinə və özünüməşğulluğa marağı artmaqdadır. Belə ki, 2021-ci ilin 1 yanvar tarixinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş sahibkarların 21,3%-ni qadınlar təşkil edir.
KOBİA qadınların sahibkarlığa həvəsləndirilməsi, sahibkarlar arasında qadınların sayının daha da artması üçün tədbirlər həyata keçirir.
İndiyədək KOBİA tərəfindən həyata keçirilmiş müxtəlif tədbirlərdən və dəstəklərdən istifadə etmiş sahibkarların 30%-dən çoxunu da qadınlar təşkil edib.
KOB-ların beynəlxalq təcrübəyə yiyələnməsi məqsədilə KOBİA-nın tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”ndan indiyədək 451 sahibkar və menecer yararlanıb ki, onların 30%-dən çoxu qadınlardır.